Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə yanvarın 14-dən 18-dək “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi keçiriləcək.
Kino həftəsinin keçirilməsində əsas məqsəd əhali arasında vətənpərvərlik ruhunu gücləndirmək, torpaqlarımız uğrunda döyüşlərdə igidlik göstərən Azərbaycanın Milli Qəhrəmanlarını gənc nəslə tanıtmaq, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrini əks etdirməkdir.
Kino həftəsi çərçivəsində Milli Qəhrəmanlar Vüqar Mürsəlov, Mətləb Quliyev, Tahir Həsənov, Cavanşir Rəhimov, Elxan Zülfüqarov, İlqar İsmayılov, Alı Mustafayev, Zabit Quliyev və digər qəhrəmanlara həsr olunan “Dəmir atlı”, “Həsrətlə cənnətə qovuşanlar”, ”Bizim zaman qəhrəmanları”, “Cavanşir”, “Ömrün qırx anı”, “Döyüşə tələbələr gedir”, “Tarixdə adı qalan”, “Ən yüksək zirvə”, “Ovçu” filmləri nümayiş olunacaq.
Filmlər Badamdar qəsəbə Mədəniyyət evi, Binəqədi Mərkəzi Mədəniyyət evi, Mərdəkan Mədəniyyət sarayı, Şağan qəsəbə Mədəniyyət mərkəzi, Şüvəlan qəsəbə Mədəniyyət evi, Maştağa qəsəbəsi H.Abbasov adına Mədəniyyət mərkəzi, Müşfiqabad qəsəbə Mədəniyyət evi, Nardaran qəsəbə Mədəniyyət mərkəzi, həmçinin Suraxanı rayon və Yasamal rayon Heydər Əliyev mərkəzlərində hər gün saat 12:00 və 14:00-da nümayiş olunacaq. Seanslara giriş sərbəstdir.
Lalə AZƏRİ