Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2018/2019-cu tədris ilinin qış imtahan sessiyası başlanıb.

ATMU-dan verilən məlumata görə, rektor İlham Mədətov universitetin kollektivi ilə görüşdə tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunacağını, imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin müraciətlərinin qəbulu, o cümlədən araşdırılması məqsədilə “qaynar xətt”in yaradıldığını diqqətə çatdırıb.

ATMU-da 1688 bakalavr və magistrantın iştirak etdiyi imtahanlar fevralın 2-dək davam edəcək. Dekanlıqlar tərəfindən fənn və qruplara görə “Tələbənin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi cədvəli” tərtib edilib. Sessiya imtahanları nəticəsində yarana biləcək narazılıqların mövcud qaydalar əsasında araşdırılması məqsədilə apelyasiya komissiyası fəaliyyət göstərəcək. Həmçinin valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “açıq qapı” günü keçiriləcək.