İxtisasartırma kurslarına hazırlıqla bağlı açıq dərslər
Regionlarda çalışan mədəniyyət işçilərinin kreativ peşə səriştələrini artırmaq məqsədilə ixtisasartırma kurslarının təşkili ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Kurslarda tədris aparmaq istəyənlər üçün yeni yaradılmış Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzində açıq dərslər keçiriləcək. Dərslər mühazirəçilər arasında sağlam rəqabət mühitinin yaradılması, habelə tədrisin effektivliyini artırmaq məqsədilə təşkil olunur. Açıq dərsdən uğurla keçmiş iddiaçıların kreativ ixtisasartırma kursunda, habelə mədəniyyət müəssisələrindən cəlb olunmuş dinləyicilərə canlı yayımla dərs keçməsi nəzərdə tutulur.
Keçirilən dərslərin praktik yönlü olması, müasir çağırışlara cavab verməsi, kreativ peşə səriştlərinin mənimsənilməsi və mədəniyyət müəssisəsində iş fəaliyyətində tətbiqi qarşıda duran hədəflərdəndir.
Məlumat üçün bildirək ki, növbəti mərhələlərdə müxtəlif kateqoriyalı əməkdaşlar üçün keçiriləcək təlimləri Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzinin saytında onlayn rejimdə izləmək mümkün olacaq.