Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) əməkdaşları paytaxtdakı 61 nömrəli tam orta məktəbdə Milli Qəhrəman Mətləb Quliyevin anadan olmasının 60 illiyi ilə əlaqədar “Qəhrəmanlarımız sönməz məşəldir” adlı görüş keçiriblər.
MKS-nin Xidmət şöbəsinin əməkdaşı Rəna Mustafayeva çıxış edərək Milli Qəhrəmanın həyatı və keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verib. Bildirib ki, Mətləb Quliyev 1959-cu il yanvarın 9-da Beyləqan rayonunda anadan olub. 1992-ci ildə leytenant rütbəsində Daxili qoşunlarda xidmətə başlayıb, cəbhənin müxtəlif istiqamətlərində cəsarətlə vuruşub. 1992-ci il avqustun 31-də Ağdam bölgəsində düşmənə qarşı döyüşdə şücaət göstərərək onlarla erməni yaraqlısını məhv edib və qəhrəmancasına həlak olub.