Yanvarın 29-da Parisdə, UNESCO-nun mənzil-qərargahında “Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli İli”nin rəsmi açılışı keçiriləcək.
2019-cu ildə görkəmli rus alim Dmitri Mendeleyevin dövri sistem cədvəlini yaratmasının 150 ili tamam olur. UNESCO tərəfindən bu ilin xüsusi olaraq qeyd edilməsində məqsəd digər fundamental elmlərin əldə etdiyi uğurlarda bu cədvəlin rolunu vurğulamaqdır.
Xatırladaq ki, bu barədə qərar ötən il dekabrın 20-də BMT Baş Məclisinin 74-cü plenar iclasında qəbul edilib. Beynəlxalq ilin rəsmi açılışı dövri sistem cədvəlinin bir çox aspektlərini, tarixini, elmi tədqiqatlarda qadınların qolunu, dayanıqlı inkişafa nail olmaq baxımından elmdə qlobal tendensiyaları və perspektivləri, həmçinin elmin sosial-iqtisadi əhəmiyyəti məsələlərini müzakirə etməyə əlverişli imkan yaradacaq.