Prezident İlham Əliyev yanvarın 10-da Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında sərəncam imzalayıb.
İnnovativ inkişaf sahəsində effektivliyin artırılması məqsədilə imzalanan sərəncama əsasən, mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Prezidentinin, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanlarının yaratdıqları publik hüquqi şəxslər, o cümlədən dövlət ali təhsil müəssisələri, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər (koordinasiya subyektləri) elmi nailiyyətlər, bilik və rəqəmsal yeniliklər bazasında məhsul, xidmət, texnologiya, proses və həllərin hazırlanmasına, təqdim olunmasına və istifadəsinə əsaslanan innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxsi on gün müddətində təyin edərək bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat verməlidirlər.
Sərəncama əsasən, innovativ inkişafın dəstəklənməsi sahəsində aidiyyəti üzrə görülmüş işlər barədə yarımillik məlumatlar hər il yanvarın 15-dək və iyulun 15-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilməlidir. Həmçinin işçilərin innovasiya təşəbbüskarlığının və rəqəmsal texnologiyalardan istifadə bacarıqlarının təşviq edilməsi ilə bağlı tədbirlər görülməlidir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına koordinasiya subyektlərinin innovativ inkişafın (o cümlədən startap fəaliyyətinin) dəstəklənməsi sahəsində gördükləri işlərin əlaqələndirilməsini təmin etmək, müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə Azərbaycan Respublikasının innovasiya strategiyasının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə koordinasiya subyektlərinin (mərkəzi icra hakimiyyəti orqanları, Azərbaycan Milli Elmlər Akademiyası və dövlət ali təhsil müəssisələri istisna olmaqla) idarəetmə orqanlarında ən azı bir nəfərin innovasiyalar və ya elmi tədqiqatlar üzrə mütəxəssis olmasının təmin edilməsinə dair müvafiq təklifləri üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, ölkədə mövcud olan qabaqcıl texnoloji avadanlıqla təchiz edilmiş elmi tədqiqat mərkəzlərinin və laboratoriyaların (tədqiqat infrastrukturunun) reyestrinin tərtib olunması və aparılması qaydasını Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə hazırlamaq və digər zəruri tədbirləri görmək tapşırılıb.