Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti üçün 2018-ci il uğurlu olub.
Teatrın direktor müavini, Əməkdar artist Azad Məmmədov bildirib ki, ötən ilin sonunda ölkə başçısının sərəncamına uyğun olaraq paytaxtdakı “Savalan” kinoteatrının təmir olunaraq Şuşa Dövlət Musiqili Dram Teatrının ixtiyarına verilməsi kollektivin fəaliyyətinə verilən böyük dəyər olmaqla yanaşı, həm də sənət ocağı üçün ciddi məsuliyyət deməkdir.
Qeyd edilib ki, ötən müddətdə Altay Məmmədovun “Dəli Domrul”, xorvat dramaturqu Miro Qavranın “Aktyor əbədiyyətə qovuşanda”, Enurə Abdullayevanın “Əsgər papağı” tamaşaları, Abdulla Şaiqin “Danışan kukla” və “Tıq-tıq xanım” pyesləri əsasında “Danışan gəlincik”, İsgəndər Coşqunun “Çal-oyna” nağıl-tamaşaları hazırlanaraq teatrın repertuarına daxil edilib.
Kollektiv teatr və konsert proqramları ilə ali və orta məktəblərdə, hərbi hissələrdə çıxış etməklə yanaşı, İmişli, Biləsuvar, Tərtər, Şabran, Şəmkir və Gədəbəy rayonlarında qastrol səfərlərində olub.
Teatrın 2019-cu il üçün nəzərdə tutulmuş repertuarında 16 tamaşa, 2 konsert proqramı, 4 musiqili ədəbi-bədii kompozisiya var.