İranda 37-ci Fəcr Beynəlxalq Teatr Festivalı keçilir. Sənət yarışması çərçivəsində Ərdəbil şəhərində müxtəlif ölkə teatrlarının tamaşalarına baxış keçirilib.
Lənkəran Dövlət Dram Teatrının dördnəfərlik nümayəndə heyəti qonaq qismində festivala qatılıb. Teatrın direktoru Tofiq Heydərov ənənəvi Fəcr festivalının əhəmiyyətindən bəhs edib.
O, Ərdəbildə olduqları müddətdə bir sıra sənət kollektivlərinin, o cümlədən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının tamaşasını izlədiklərini deyib. Xatırladaq ki, Gənc Tamaşaçılar Teatrı Fəcr festivalında “Bir səbət tənhalıq” tamaşası ilə (8-9 yanvar) təmsil olunub. Əməkdar artist Nofəl Vəliyevin quruluş verdiyi tamaşada rolları Əməkdar artist Güşvər Şərifova və aktyor Anar Seyfullayev canlandırıb.
Səfər zamanı bir sıra görüşlər də keçirdiklərini deyən T.Heydərov bildirib ki, rəhbərlik etdiyi kollektivlə bağlı bir sıra yaradıcılıq layihələrinə dair fikir mübadiləsi aparılıb. Ərdəbil Vilayət Mədəniyyət Baş İdarəsi ilə Lənkəran Dövlət Dram Teatrı arasında gələcək əməkdaşlığa dair razılaşma da bu qəbildəndir.