Göyçə aşıq mühiti zaman-zaman öz yetirmələri ilə ozan-aşıq sənətimizin inkişafına güclü təkan verib. Bu yaradıcılıq mühitinin tanınmış nümayəndələrindən biri də aşıq Musa olub.

Musa Səfər oğlu 1830-cu ildə Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açıb. Gənc yaşlarından aşıq sənətinə maraq göstərib. Onun ustadının kimliyi barədə məlumat olmasa da, özünün bir neçə şəyird yetişdirdiyi məlumdur. Araşdırmalarda qeyd olunur ki, aşıq Musa yaz-yay aylarında əkinçiliklə məşğul olub. Payız-qış fəsillərində isə sazını bağrına basıb el-obanın toy şənliklərində yaxından iştirak edib.

Göyçənin tanınmış el sənətkarlarından aşıq Talıb, aşıq Ağayarın (Dədə Ələsgərin şəyirdi) bildirdiklərinə görə, aşıq Musa alçaqboylu, dolubədənli, enlikürək, “polad kimi sağlam” bir insan olub. Başqa aşıqlardan fərqli olaraq, o, məclis apararkən belinə qılınc bağlayar, Koroğlu havalarını özünəməxsus tərzdə ifa edərmiş. Mənbələrdə aşıq Musanın Dədə Ələsgərlə yaxın dost olması, ustada həmişə hörmət və ehtiramla yanaşması, onun “Ay üzə-üzə”, “Yüküm”, “Mərd” və başqa şeirlərinə nəzirələr yazması qeyd edilir.

Bədahətən şeirlər qoşan aşıq Musanın əsərləri vaxtında qələmə alınmadığından əksəriyyəti günümüzə gəlib çatmayıb. Filologiya üzrə fəlsəfə doktoru İslam Ələsgərov araşdırmasında yazır ki, 1960-cı ildə aşığın nəvəsi Musa Süleymanovdan vərəqlərinin müəyyən hissəsi cırılmış bir dəftər əldə edib. Dəftərdəki şeirlərin hamısı aşıq Musaya aid olsa da, onların kim tərəfindən qələmə alındığı bəlli deyil. Latın qrafikası ilə yazıldığından belə qənaətə gəlinib ki, şeirlər 1939-cu ildən əvvəl dəftərə köçürülüb. İncə zövq və şirin avaza sahib olan aşıq Musanın yaradıcılığı çoxşaxəlidir. O, aşıq şeirinin bir çox janrlarına müraciət edib. Bir-birindən gözəl bədii sənət inciləri yaradıb. Hazırda aşığın əldə 50-dən artıq şeiri var. Bunların əksəriyyəti qoşmalardan, müəyyən bir qismi isə gəraylı, divani, təcnis və müxəmməslərdən ibarətdir.

Sənətkarın yaradıcılığında dövrün ictimai haqsızlıqlarına qarşı bir etiraz səslənir. Kənd camaatının çətin güzəranı, yerli ağaların özbaşınalığı və çar çinovniklərinin haqsızlığı aşığı daim narahat edib:

 

Bilin, bu yerlərdə ədalət yoxdu,
Heç bilmirəm, kimə gedim dada mən?!

El-obaya bağlı olan aşıq Musa Göyçə elinin səfalı yaylaqlarından, buz kimi sərin bulaqlarından ilham alıb. Qürbət ellərə yönü düşəndə kədərlənir, yurd həsrəti çəkir. Bu cəhətdən onun “Balabançı”, “Dağlar”, “Görüşməyə”, “Göndərrəm” rədifli qoşmaları səciyyəvi örnəklərdir. O, yaşıl yamaclarında boy atdığı, havası ilə nəfəs aldığı doğma yurduna həsr etdiyi şeirdə Göyçənin ecazkar təbiətini vəsf etməklə yanaşı, zəhmətkeş insanların qonaqsevərliyini də vurğulayıb:

Siz eşidin vəsfi-halın söyləyim,
Yaxşı camaatdı eli Göyçənin.
Adamları saf məhəbbət əhlidi,
Cənnətdi çəməni, çölü Göyçənin.

Aşığın yaradıcılığında gözəllərin də tərənnümü xüsusi yer tutur. Bu mənada müəllifin “İndi”, “Dilbər”, “Güllər”, “Sənsən”, “Gülə-gülə”, “Gözlər”, “Maral”, “Gilas” və s. rədifli şeirləri poetik çalarları ilə maraq doğurur. Ümumiyyətlə, aşıq ədəbiyyatında tez-tez rast gəldiyimiz “mah camal”, “dəli könül”, “tuti dil”, “qaymaq dodaq”, “ay qabaq” kimi ifadələr aşıq Musanın da şeirlərində işlənir. Sənətkar bu ifadələri yerli-yerində istifadə edərək yeni fikir və məzmun yaratmağa nail olur.

Aşıq Musanın yaradıcılığında əxlaqi-didaktik məzmunlu bədii nümunələr də mühüm yer tutur. O, insanları mərdliyə, ədəb-ərkanlı olmağa səsləyir. Dədə Ələsgər kimi həmkarlarına el məclislərində özlərini yaxşı aparmağı, az danışıb, çox dinləməyi tövsiyə edir. Namərdlərlə yoldaşlıq etməməyə, sirr saxlamağa və digər gözəl insani keyfiyyətlərə sahib olmağa çağırır.

Onun sazının, sözünün sorağı Göyçə mahalının hüdudlarından kənardan da gəlib. Belə ki, onun Dağıstan, Gürcüstan, Orta Asiya və Türkiyədə də sazlı-sözlü məclislər yola verdiyi bildirilir.

Görkəmli saz-söz sərrafı 1912-ci ildə doğulduğu Ağkilsə kəndində vəfat edib. Aşıq Musanın 125 illiyi münasibətilə işıq üzü görən “Musa eldən aralanmaz” adlı kitab oxuculara təqdim olunub.

Savalan FƏRƏCOV