Bir əsrdən artıqdır ki, kino bizi təəccübləndirməkdə davam edir. Kino inkişaf etdikcə tamaşaçıların zövqünü oxşamaqda iddialı olan filmlər növ və janr müxtəlifliyi çərçivəsində həyatımızın ayrılmaz bir hissəsinə çevrildi.

Tədricən püxtələşən ekran əsərləri ilə yanaşı müxtəlif mövzulu seriallar da bu sırada özünə yer qazandı. Tamaşaçı auditoriyası da janr müxtəlifliyini özündə əks etdirən və kinonun yeni layihəsi olaraq təqdim olunan serialları həyatın inikası kimi qəbul etdi. Çünki reallığa istinad edilən bu ekran əsərləri kütləviliyi, yaradıcı heyətin istedad və bacarığının inkişafına təkan verməklə yanaşı, onların həyat hekayələrinə dəqiq ünvanlanmış münasibətini göstərdi. Təfəkkür və xarakter baxımından hadisələri təhlil edən aktyorların intellekti, həyata baxış forması, məqsədəuyğun şəkildə təlimatlandırılmış münasibəti tamaşaçıda xoş, səmimi təəssürat yaratdı, zövqünün formalaşmasına, həyat bilgisinin artmasına yardımçı oldu.

Serial sektorunun inkişafı və cəmiyyətin ona olan aşırı marağı televiziyaların rəqabət meyarına çevrildi. Tamaşaçı auditoriyasını əldə saxlamaq üçün seriallar da kino kimi təsir (janr və məzmun baxımından) vasitələrini gücləndirməyə başladı.

1970-ci illərin sonundan etibarən onların istehsalı kütləvi xarakter aldı, 80-ci illərin sonu – 90-cı illərin əvvəllərindən isə sosial mövzulu və ailə-məişət problemlərindən bəhs edən xarici serialların sayı artmağa başladı. Çoxsaylı tamaşaçı sevgisi qazanan, peşəkarların təqdim etdiyi “Sprut” (İtaliya), “Qvadelupa” (Meksika-ABŞ), “Yabanı qızılgül”, “Varlılar da ağlayır” (Meksika), “Santa Barbara” (ABŞ), “Nano” (Argentina), “Mehriban düşmən” (Venesuela), “Klon” (Braziliya) və digərlərini misal göstərmək olar.

Adları çəkilən bu və ya digər reytinqli serialların sevilməsinin səbəbini bilmək isə o qədər də çətin deyil. Birincisi, rejissorları serialların janrını, forma və məzmununu nəzərə alaraq onları seçdikləri auditoriyaya ünvanlayırdılar. Eyni zamanda hər bir ölkənin mikroaləminin təsviri, cəmiyyətin düşüncə və davranış qaydaları, etik dəyərləri, təbəqələrin həyata baxış forması bu ekran əsərlərinin ana xəttini təşkil edirdi. Düşünülmüş (eyni zamanda reallığa ünvanlanmış) həyat hekayələrinin yaşarı və peşəkar təqdimatı isə teleserialların kinonun bir qoluna çevirməsinə, məhz televiziyanın kinonun həyat üçün vacibliyini vurğulamasına səbəb oldu. Bunu isə kino ilə televiziyanı doğmalaşdıran, virtual rəqiblərin dostlaşmasına səbəb yaradan, eyni zamanda tamaşaçı auditoriyasının mənəvi tələbatını ödəməkdə iddialı olan televiziya peşəkarlarının və kinomanların uğuru adlandırmaq olar.

Bilirik ki, peşəkar seriallar intellektual kino kimi həyatın inikası olaraq qəbul edilir. Aktuallığı və operativliyi baxımından publisist mahiyyət daşıyır. Bu mənada onların gücü danılmazdır. Hər gün ailələrin qonağı olan serialların yaş həddini nəzərə alması, etiket qaydalarına riayət etməsi isə televiziya məhsulunun psixoloji təsir gücünü, tamaşaçının ona olan asılılığını artırdı. Seyrçini virtual həyata bağlayan serialların baxımlılığını isə mövzuların aktual və inandırıcı olması ilə əlaqələndirmək olar.

Seriallar publisist xarakter daşıyanda daha effektiv, emosional təqdim olunanda isə daha sevimli olur. Bir zaman qəzet səhifələrində oxunan və xəbər portallarından təqdim olunan insan taleləri haqqında olan materiallar serial rejissorlarına ip ucu verir, müxtəlif həyat hekayələrinin məntiqli şəkildə müfəssəl və emosional təqdimatı isə tamaşaçıda maraq yaradır. Nəticə etibarilə məzmun baxımından əsaslı məntiqə söykənən serial həyatın inikasına çevrilməyi bacarır.

Hamımız yaxşı bilirik ki, insan həyatdan tam mənada sığortalana bilməz. Başa gələn təsadüfi qada və qovğaların, həyatın müəyyən bir dövründə yaşanan sınaqların baş verməsi qaçılmazdır. Belə bir məqamda çaşqınlıq dövrü yaşayan tamaşaçı oxşar hadisələr fonunda taleyini ekran qəhrəmanının həyatı ilə eyniləşdirir. Bu isə ona səbirlə hadisələrin gedişatını izləməyə və tələsmədən nəticə çıxarmağa kömək edir. Yaxud cəmiyyətdə baş verən bəzi neqativ hadisələrin əksi təqdim olunur, tamaşaçı xeyirlə şərin mübarizəsini müəlliflərin yanaşma tərzi və personajların hadisəyə olan münasibəti vasitəsilə izləyir. Bu isə müsbət keyfiyyətlərin və ideyaların daşıyıcısı olan serialların təsirindən milyonların (yaxşı mənada) bəhrələnməsi deməkdir.

Deməli, günün aktual mövzusunu ekrana gətirən, tamaşaçının ehtiyac duyduğu mövzuya və incə nüanslara toxunan serialın (melodram, dram, komediya, macəra janrlı) psixoloji təsiri tamaşaçı diqqətini cəlb edir, seyrçi ehtiyac duyduğu mövzuya uyğun olanı seçir və həvəslə baxır.

Ümumiyyətlə, tamaşaçı filmdə görmək istədiyini görəndə ekrana daha yaxın əyləşir, taleyinə oxşar motivi, arzuladığı qəhrəmanının həyatını nəfəs çəkmədən izləyir. Reallıqla uzlaşan, yaşarı təqdim olunan serial tamaşaçını qəhrəmanın taleyinə istinadən çıxardığı nəticə baxımından stressdən uzaqlaşdırır, düşüncəsini doğru səmtə istiqamətləndirir. Seriallar bir çox mənada tamaşaçı zövqünü formalaşdırır, həyat bilgisini artırır. Məsələn, mövzuya, zaman və məkana uyğunlaşdırılmış əlbəsələrin seçimi, müxtəlif növ binaların interyer və eksteryerləri, uzaq-yaxın ölkələrin coğrafi anlayışı, fərqli peşələrin mahiyyətinin açıqlanması, xeyir və şər qüvvələrin mübarizəsi, personajların istək və məqsədlərinə əsaslanan davranışları, həyat fəlsəfəsinin ardıcıl təfsilatı və s. Deməli, peşəkarların ərsəyə gətirdiyi bu məzmunlu ekran əsərlərini “sabun operası” yox, tamaşaçının sevimlisi, kinonun vacib qolu adlandırmaq olar.

Təsadüfi deyil ki, dünya serial sektorunun inkişafı bədii kino istehsalı ilə paralel şəkildə aparılır. Bu isə baxımlı ekran işlərinin özünü doğrultması deməkdir. Kino texniki nailiyyət olsa da, bəzən texniki inkişafın özünü belə üstələməyə çalışır və buna nail olur.

Filmlər kinorejissorlarının təfəkkürünün məhsuludur. Bəzi kinorejissorların kino texnikasını mükəmməl bilməsi, kino mühəndisliyi bilgisinə sahib olması onlara fantastik düşüncələrini aşırı həddə təqdim etmək imkanı verir. Nəticə etibarilə, filmlərlə yanaşı, seriallarda da janr müxtəlifliyi yaranır. Tədricən fentezi, detektiv, triller janrlarının seriallara gəlməsi isə heç də yaxşı göstərici deyil. Çünki filmlərdən fərqli olaraq, seriallar kütləvi tamaşaçı auditoriyası üçün nəzərdə tutulur. Onlar reytinq baxımından yüksək qiymətləndirilsə də, cəmiyyətə heç də vacib mesaj ötürmür və kinonu məftunedici təqdim etmir. Məsələn, “Üzüklər hökmdarı”, “Taxt-tac oyunları”, “Harri Potter” və digər Amerika istehsalı olan bədii filmlər (seriallar) kinonun nailiyyəti (texniki baxımdan) olsa da, onların qəhrəmanlarını cəmiyyəti yüksək ideyaların ardınca aparan, yüksək mənəvi dəyərlərin carçısı adlandırmaq çətindir. Çünki bu kimi nağıl qəhrəmanları şərə qarşı aşırı həddə döyüşsə, mübarizə üsulu uzadılsa da, hər halda fantastik düşüncələrin (xəyalların) məhsuludur. Tamaşaçı vaxtının müəyyən bir hissəsini ciddi-cəhdlə hazırlanmış, bahalı kostyumlarla və kompüter qrafikası ilə bəzədilmiş filmi izləməklə keçirir, nəticədə vizual nağıl izlədiyinin fərqində olur. Bunu isə vizual ədəbiyyat, rejissorun tamaşaçıya ünvanlamaq istədiyi virtual mesajı, ürək sözü adlandırmaq olmaz. Beləliklə, milyonlar xərclənən, əcaib-qərib personajları təqdim edən illüziyanın əksi intellektual kino yox, sadəcə olaraq, kommersiya məqsədilə çəkilən animasiya təsviridir.

Təəssüflər olsun, son illərdə xarici kino (serial sektorunda) arenasında dəhşət, triller, fentezi, detektiv, kriminal janrlı (“Vikinqlər”, “Sağ qalmaq”, “Dəhşətin Amerikasayağı tarixçəsi”, “Gəzən ölülər” və s.) çoxserialı filmlər çəkilir. Nəzərə alsaq ki, yuxarıda adlarını çəkdiyimiz ailə-məişət mövzulu filmlərdən tamaşaçı nəticə çıxarıb, personajların həyat tərzi və düşüncəsindən bəhrələnib, hətta bir çox serial qəhrəmanlarının müsbət xarakterlərini mənimsəyirdisə, onda belə qənaətə gəlmək olar ki, zorakılığı, gücü göstərən, təfəkkür və psixologiyaları gərginlikdə saxlayan, aqressiv bədheybətlərin həyatını nəql edən belə seriallar heç də xoşməramlı deyil.

Göründüyü kimi, janr, forma və məzmun baxımından seriallar da filmlər qədər inkişaf edir. Onların filmləri üstələyən təsiri və gücü isə xronometrajının uzunluğu və seyrçinin təfəkkürünə, həyatına gündəlik təsir etməsidir. Deməli, tamaşaçı serial seçimində diqqətli olarsa, zamanının və sağlamlığının da qayğısına qalmış olar.

Seriallar haqqında söz-söhbət, təbii ki, elə onların özləri kimi tükənməzdir. Yəqin ki, bu mövzuya bir daha qayıdacağıq...

Şəhla ƏMİRLİ
kinoşünas