Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl (hersoginya Sassekskaya) yenidən “Fors-Major” serialına qayıda bilər. NBC kanalı xəbər verir ki, hersoginyaya serialdakı bir epizoda görə 2-6 milyon dollar qonorar təklif olunub.
Serialın Meqan Marklın iştirakı ilə son bölümü 2018-ci il aprelin 25-də, onun şahzadə Harri ilə toyundan üç həftə əvvəl nümayiş olunub. Bundan sonra o, İnstagram və şəxsi saytı istisna olmaqla bütün sosial şəbəkələrdəki hesablarını bağlayıb.
Amerikalı aktrisa və fotomodel Reyçel Meqan Markl evlilikdən öncə çəkildiyi filmlər, xüsusilə “Fors-Major” serialında Reyçel Zeyn obrazı ilə məşhurlaşmışdı.
Serialın yaradıcı heyəti çəkilişləri hazırda hamilə olan hersoginyanın rejiminə uyğunlaşdırmağa belə razıdır. Meqan Markl isə serialdan əldə edəcəyi məbləğin vergilərdən azad olunması üçün xeyriyyəçiliyə xərcləyə bilər.
Serialın prodüserlərindən biri bildirib ki, yaxın günlərdə aktrisa ilə danışıqlar aparılacaq. Həmçinin telekanalın rəhbərliyi bildirib ki, əgər aktrisa şouda çəkilişə razılıq versə, bu, krallığın müasir dünyagörüşlərinə açıqlığını nümayiş etdirməklə yanaşı, həm də telekanalın tarixində böyük reytinq qazanmağa şərait yaradar. Hələlik aktrisa bu təkliflə bağlı açıqlama verməyib. Vindzor qəsrinin (Britaniya taxt-tacının iqamətgahı) Meqana film çəkilişlərinə rəsmi qadağa qoyub-qoymadığı da məlum deyil.
Qeyd edək ki, “Fors-Major” serialı 2011-ci ildən ABŞ-da ekranlardadır və bu günə kimi baxımlılığını qoruyub saxlaya bilib.
LALƏ