Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Milli Qəhrəmanlara həsr olunmuş filmlər nümayiş olunur.

Mərdəkan Mədəniyyət sarayında rejissor Anar Şuşalının Milli Qəhrəman Elxan Zülfüqarova həsr olunmuş “Ömrün qırx anı” və rejissor Behzad Əhmədovun Milli Qəhrəman Rövşən Hüseynov haqqında çəkdiyi “Döyüşə tələbələr gedir” filmləri göstərilib.

Yasamal rayon Heydər Əliyev Mərkəzində isə rejissor Kəmalə Musazadənin Milli Qəhrəman, 1991-ci ilin 20 noyabrında vertolyot qəzasında həlak olmuş telejurnalist Alı Mustafayev haqqında “Alı zirvəsi” adlı filmi nümayiş olunub.

Aparıcı Azər Zeynalzadə zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən danışıb və Alı Mustafayevin həyatı haqqında məlumat verib.

Çıxışçılar – Alı Mustafayevin müəllimləri, dostları onunla bağlı öz xatirələrini bölüşüb, onun qorxmaz bir telejurnalist olmasını, qaynar nöqtələrdən reportajlar hazırlamağa birinci getməsini, bir neçə dəfə vertolyot qəzasına düşməsinə baxmayaraq, daim ön cəbhədə olduğunu bildiriblər.

Daha sonra film tamaşaçılara təqdim olunub. Milli Qəhrəmanın bacısı Maral Mustafayeva öz ailəsi adından tədbirin təşkilatçılarına və filmin çəkilişində əməyi keçənlərə təşəkkürünü bildirib.