Fevralın 7-dən 17-dək Almaniyada “Berlinale” kimi tanınan və dünyanın ən nüfuzlu festivallarından olan 69-cu Berlin film festivalı keçiriləcək. 1951-ci ildən etibarən hər il keçirilən, dünya kinematoqrafiyasının ən gözlənilən tədbirlərindən biri olan “Berlinale” festivalında ümumilikdə 400-dən çox ekran əsəri nümayiş etdiriləcək.

Festival çərçivəsində fevralın 9-dan 14-dək baş tutacaq “Berlinale Talents” beynəlxalq kino proqramında ölkəmiz də təmsil olunacaq. Həmyerlimiz Samirə Əsgərova bu proqramda iştirak üçün müxtəlif ölkələrdən olan ərizəçilər arasından seçilib.

Samirə Əsgərova Azərbaycanın aparıcı yayım distribusiya şirkəti olan “Cinema Distribution”da yerli və xarici filmlərin kinoteatrlarda nümayişinin təşkili ilə məşğul olur.

LALƏ