Mədəniyyət naziri Səudiyyə Ərəbistanı, Gürcüstan, Misir Ərəb Respublikası və Braziliyanın ölkəmizdəki səfirləri ilə görüşüb
İslam mədəniyyəti həftəsi keçiriləcək
Yanvarın 21-də Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Hamad Abdulla Khudairi qəbul edib.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.
2019-cu ildə Səudiyyə Ərəbistanında və Azərbaycanda İslam mədəniyyəti həftəsinin keçiriləcəyini xatırladan Əbülfəs Qarayev bu tədbirlərin qarşılıqlı mədəni mübadilə üçün şərait yaradacağını qeyd edib.
Mövcud əməkdaşlığın inkişaf etdirilməsi
Həmin gün nazir Əbülfəs Qarayev Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfiri Zurab Pataradze ilə də görüşüb.
Söhbət zamanı iki ölkə arasında mədəniyyət sahəsində mövcud əməkdaşlıqdan, mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində reallaşdırıla biləcək tədbirlərdən bəhs olunub. Həmçinin Azərbaycanda və Gürcüstanda təşkil olunan beynəlxalq tədbirlərdə iştirak məsələləri müzakirə edilib.
Ölkəmiz Misirdə festivallarda təmsil olunacaq
Mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 22-də Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahimlə görüşündə qarşılıqlı maraq doğuran bir sıra məsələlər diqqətə alınıb.
Söhbət zamanı Misirin mədəniyyət nazirinin Azərbaycana gözlənilən səfərinin təfərrüatları, 5-9 fevral 2019-cu il tarixində Qahirə şəhərində keçiriləcək 1-ci İslam Əməkdaşlıq Təşkilatı Festivalı, həmçinin mart ayında təşkil ediləcək Şarm əl-Şeyx Beynəlxalq Film Festivalında ölkəmizin təmsil olunması məsələləri müzakirə edilib.
Braziliya ilə mədəni əlaqələrin perspektivləri
Azərbaycanın Braziliya ilə mədəniyyət sahəsində əməkdaşlığı üçün imkanlar var. Bu barədə nazir Əbülfəs Qarayevin Braziliya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ilə görüşündə söhbət açılıb.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Nazir səfirə ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.
* * *
Qeyd edək ki, mədəniyyət naziri keçirilən görüşlər zamanı 2019-cu ilin may ayında Bakı şəhərində V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkil olunacağını diqqətə çatdırıb və qonaqları foruma dəvət edib.