Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı “açıq qapı” günü keçirilib.
Muzeyə gələn ziyarətçiləri ekskursiya boyu vaxtilə maestronun ifasında və dirijorluğu altında lentə alınan klassik musiqilər müşayiət edib. Ziyarətçilər muzeyin fondunda saxlanılan, xarici və Azərbaycan klassiklərinin audio-video yazılarından ibarət zəngin fond materiallarından ibarət sərgiyə baxıblar.
Maestro 1997-ci ildə uzun illərdən sonra doğma şəhəri Bakıya qayıdışı zamanı ilk olaraq Şəhidlər xiyabanını ziyarət etmişdi. Bu ziyarətin əks olunduğu videokadrlar qonaqlara təqdim olunub.
“Açıq qapı” günündə həmçinin Əməkdar incəsənət xadimi L.Səfərovanın M.Rostropoviçin azərbaycanlı qaçqınlarla görüşündən bəhs edən “Mərhəmət” filmi nümayiş olunub.
* * *
20 Yanvarın ildönümü ilə bağlı Bülbülün memorial muzeyində ziyarətçilər üçün açıq qapı günü elan edilib. Muzeydə “Qanlı Yanvar” filmi və 1990-cı ilin yanvar hadisələrinin qısa xronologiyası nümayiş etdirilib.
* * *
M.S.Ordubadinin xatirə muzeyi “Qarabağ həqiqətlərini beynəlxalq aləmə tanıtma” İctimai Birliyi ilə birgə tədbir keçirib. Tədbirdən əvvəl iştirakçılar ictimai birliyin yaratdığı “Şəhidlər muzeyi”nin eksponatları və fotosərgi ilə tanış olublar.
Tədbiri muzeyin əməkdaşı İradə Vəliyeva açıb. Şəhid Cavad İsmayılzadənin həyat yoldaşı Həcər İsmayılzadə, qanlı hadisələrin şahidi olmuş texniki fənlər üzrə fəlsəfə doktoru İslam Göyüşov xatirələrini bölüşüblər.