“Qızıl qlobus”dan sonra Amerika Prodüserlər Gildiyasının baş mükafatını da qazanıb
Rejissor Piter Farrellinin “Yaşıl kitab” (“Green Book”) filmi Amerika Prodüserlər Gildiyasının (PGA) “Ən yaxşı film” baş kateqoriyasında mükafata layiq görülüb.
Mükafatın təqdim edilmə mərasimi Beverli-Hillzdə (Kaliforniya ştatı) yanvarın 19-da keçirilib.
Xatırladaq ki, ekran əsəri yanvarın əvvəlində “Ən yaxşı komediya filmi, yaxud müzikl” nominasiyasında “Qızıl qlobus” qazanıb. Hollivud Xarici Mətbuat Assosiasiyası tərəfindən təsis olunan mükafat “Oskar”dan (Amerika Kino Akademiyası) sonra ikinci nüfuzlu müsabiqə sayılır.
Amerika Prodüserlər Gildiyasının mükafatı uğrunda əsas nominasiyada “Qızıl qlobus”un daha iki laureatı – Brayan Singerin “Queen” rok qrupu və onun solisti Freddi Merküridən bəhs edən “Bohem rapsodiyası” (“Ən yaxşı dram filmi”) və meksikalı Alfonso Kuaronanın “Roma”sı (“Ən yaxşı rejissor”) da yarışırdı.
Kino tənqidçilərinə görə, “Yaşıl kitab”ın “Qızıl qlobus”un ardınca PGA mükafatını da qazanması onun “Oskar”a iddiasını gücləndirib.
Filmdə caz pianoçusu Don Şirli, onun sürücüsü və mühafizəçisi Toni Lipin 1962-ci ildə ABŞ-ın cənubuna səyahətindən danışılır. Ekran əsərində Viqqo Motrensen, Maherşala Ali, Linda Kardellini və başqaları çəkilib. Film ötən ilin sentyabrında 43-cü Toronto kinofestivalında Qran-priyə də layiq görülüb.
İLONA