Bakı Uşaq Teatrının direktoru, Əməkdar artist İntiqam Soltanın “Çətin tərbiyə olunan uşaqların tərbiyəsində teatr metodlarından istifadə” adlı metodik vəsaitinin təqdimatı olub.

Metodik vəsait spesifik xüsusiyyətlərə malik kollektivlərlə və yeniyetmələrlə işləmək üçün nəzərdə tutulub. Kitabda psixologiya və teatr, dram sənətinin vəhdətindən söhbət açılır, bu iki sahənin birgə imkanlarından gənclərin təlim-tərbiyə işlərində hər hansı çətinliyin aradan qaldırılması üçün faydalanma yollarından bəhs olunur. Vəsaitdən yeniyetmələrdən ibarət cəzaçəkmə müəssisələrində, eyni zamanda, fiziki və zehni cəhətdən zəif yeniyetmələrlə, xüsusi təmayüllü məktəblərdə çətin tərbiyə olunan uşaqlarla iş zamanı istifadə etmək mümkündür.

Kitab Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar” üzrə üçüncü qrant müsabiqəsində qalib olan “Görünməz dərs” layihəsi çərçivəsində hazırlanıb.

Təqdimatda çıxış edən müəllif bildirib ki, Bakı Uşaq Teatrı davamlı olaraq uşaq evlərində, məktəblərdə tamaşalar göstərir və teatrın yarandığı gündən etibarən topladığı təcrübələr məhz bu kitabda öz əksini tapıb: “İşimizlə bağlı müxtəlif təhsil ocaqlarında, həbsxanalarda və sair məkanlarda uşaqlarla təmasda oluruq. Orada hiss etdim ki, belə bir metodik vəsaitə ehtiyac var”.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, teatrşünas Vidadi Qafarov kitabın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, insan üçün cəmiyyətdə lazım olan bütün keyfiyyətlər burada öz həllini tapıb. Kitabın sonunda isə müasir və klassik dramından nümunələr göstərilib.