Los-Ancelesdə keçirilən mərasimdə Amerika Kino Akademiyasının 2019-cu ildə “Oskar” mükafatına nominantlar elan edilib.

Mükafat 24 nominasiyada, o cümlədən “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, baş və ikinci plan rolunda aktyor, “Əcnəbi dildə ən yaxşı film”, “Ən yaxşı tammetrajlı animasiya filmi” və s. nominasiyalarda təqdim edilir.

Əsas “Oskar” (“Ən yaxşı film” nominasiyası) uğrunda səkkiz film yarışacaq. İddiaçılar sırasına rejissor Rayan Kuqlerin “Qara pantera”, Piter Farrellinin “Yaşıl kitab”, Bredli Kuperin “Ulduz doğuldu”, Alfonso Kuaronun “Roma” və başqa filmlər daxildir.

Nominantların rəsmi elanından sonra səsvermənin ikinci mərhələsi başlanıb. Amerika Kino Akademiyasının üzvləri fevralın 19-dək hər nominasiya üzrə iddiaçı üçlükləri müəyyən edəcəklər.

Amerika kino tənqidçiləri “Ən yaxşı film” kateqoriyasında “Oskar”a namizəd Bredli Kuperin kantri ifaçısı ilə gənc müğənninin sevgisindən danışılan “Ulduz doğuldu” melodramının, Alfonso Kuaronun 1970-ci illərdə Meksika ailəsinin ağır həyatı haqqında “Roma” dramının və Piter Farrellinin məşhur caz pianoçusu Don Şirli, onun sürücüsü və mühafizəçisi Toni Lipin 1962-ci ildə ABŞ-ın cənubuna səyahəti ilə bağlı real əhvalatlardan bəhs edən “Yaşıl kitab” filmlərinin adını çəkirlər. “The Hollywood Reporter” jurnalı isə hesab edir ki, bu filmlərin mükafat qazanma şansı 98-99 faizə bərabərdir.

Xatırladaq ki, 91-ci “Oskar” mükafatlarının təqdimatı fevralın 24-də keçiriləcək.