Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Üçüncü günün adamı” bədii filmi Bolqarıstan paytaxtında keçirilən 11-ci MENAR Film Festivalı çərçivəsində nümayiş etdirilib. Filmin təqdimatı ölkəmizin Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan kino gecəsində baş tutub.
Sofiyanın “Kino evi”ndə keçirilən gecədə əvvəlcə festivalın təşkilatçıları Zdravko Qriqorov və Angel Hadjiyski filmin nümayiş olunacağı vaxtlar barədə məlumat verib.
Sonra çıxış edən ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ötən il Azərbaycan kinosunun 120 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdıraraq il ərzində filmlərimizin Bolqarıstanın Sofiya, Burqas, Varna, Plovdiv, Sozopol və Ruyen şəhərlərində nümayiş etdirildiyini bildirib.
“Üçüncü günün adamı” filmindən söz açan səfir ekran əsərində 2014-cü ildə ölkəmizin işğal olunmuş Kəlbəcər rayonunda valideynlərinin qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin taleyinin əks olunduğunu söyləyib. Vurğulanıb ki, beynəlxalq ictimaiyyət tərəfindən sərt qınağa baxmayaraq, Dilqəm Əsgərov və Şahbaz Quliyev hələ də əsirlikdə saxlanılır. Azərbaycanın işğal olunmuş ərazilərində qondarma separatçı rejim tərəfindən onlar üzərində qurulmuş saxta “məhkəmə prosesi” nəticəsində Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Səfir “Üçüncü günün adamı” filmində Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma evlərindən didərgin salınmış bir milyon azərbaycanlının faciəsindən bəhs olunduğunu diqqətə çatdırıb. Bildirib ki, film 2017-ci ildə Kanadada 41-ci Monreal, Misirdə 39-cu Qahirə film festivallarında nümayiş etdirilib, Türkiyədə 5-ci Antakya kinofestivalında mükafata layiq görülüb.
Gecədə Bolqarıstanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirliklərinin nümayəndələri, incəsənət xadimləri, kinosevərlər iştirak ediblər.
Qeyd edək ki, “Üçüncü günün adamı” filmi MENAR festivalı çərçivəsində üç fərqli kinoteatrda nümayiş etdiriləcək.
2017-ci ildə dövlət sifarişi ilə istehsal olunan filmin quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyevdir. Rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki və digər aktyorlar canlandırıblar.