Fevralın 16-da Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında SSRİ Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq.

Teatrın saytında verilən məlumata görə, səhnə əsərində Fərhadın partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

“Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariink Teatrı) reallaşıb. Gözəl musiqi və parlaq xoreoqrafiya (baletmeyster Yuri Qriqoroviç) bu baleti daim arzulanan repertuar əsərlərindən birinə çevirib.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariinsk Teatrının truppasında fəaliyyət göstərir.