Sumqayıt Dövlət Dram Teatrı tərəfindən “Gəlin, teatra gedək” devizi altında gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə yeni layihə həyata keçirilir.
Layihə çərçivəsində müxtəlif yaş kateqoriyalarına uyğun repertuar planı hazırlanıb. Bu barədə ictimai məkanlarda, ictimai nəqliyyatda və sosial şəbəkələrdə reklam çarxları yayımlanır.
Layihə üzrə ilk tamaşa 26 yanvar tarixində nümayiş etdirilib. Con Patrikin “Qarını öldürməliyik?” adlı əsərində rolları əməkdar artistlər İlahə Səfərova, Rauf Ağakişiyev, Sədaqət Nuriyeva, İzaməddin Bağırov, Cəlal Məmmədov və aktyor Yalçın Səlimov ifa ediblər. Tamaşanın quruluşçu rejissoru Tatyana Şevçenko, quruluşçu rəssamı Yelena Karpenkodur.
Yanvarın 27-də isə Turqut Özakmanın “Ocaq” əsəri Xalq artisti Firudin Məhərrəmovun quruluşunda nümayiş olunub. Tamaşada əməkdar artistlər Xatirə Süleymanova, Fəranə Musayeva, aktyorlar Şəhla Məmmədova, Şəmistan Süleymanlı, Oktay Mehdiyev və başqaları rol alıb.