Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” ikihissəli operettasının növbəti nümayişi mərhum aktrisa, bir vaxtlar bu tamaşada Telli rolunu oynamış Ofeliya Aslanın (1939-2010) 80 illik yubileyinə həsr edilmişdi.

Operettanın yanvarın 25-də gerçəkləşən nümayişindən öncə teatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı sənətkarın həyat və yaradıcılığından söz açdı, teatr və televiziya tamaşalarında yaratdığı bir-birindən maraqlı obrazlar haqqında məlumat verdi.

Bildirildi ki, 1983-cü ildə indiki Mədəniyyət və İncəsənət Universitetini bitirən aktrisanın bu teatrda ilk rolu “Durna” komediyasında Lalə obrazı olub.  Bundan başqa, o, “Beş manatlıq gəlin”də Gülnaz, “Hicran”da Çarliston, “Axırı yaxşı olar”da Dilbər, “Bankir adaxlı”da Səmayə və digər tamaşalarda, həmçinin “Yol əhvalatı”, “Xoşbəxtlik qayğıları”, “Adı sənin, dadı mənim”, “Evləri köndələn yar” kimi film və teletamaşalarda yaddaqalan obrazlar yaradıb, “Mozalan” satirik kinojurnalının bir çox buraxılışlarında çəkilib. Aktrisa teatrın truppası ilə qastrol səfərlərində olub, hər zaman sevgi və alqışlarla qarşılanıb.

Sonra tamaşa nümayiş olundu. Səhnə əsərində rolları əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Nadir Xasıyev, Səmədzadə Xasıyev, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Ruslan Mürsəlov ifa edirdilər.

Qeyd edək ki, özünəməxsus ifası ilə hər zaman tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan və sevilən aktrisa vaxtilə “Arşın mal alan”da həyat yoldaşı – Xalq artisti Səyavuş Aslanla (Vəli) tərəf-müqabil olub.

L.AZƏRİ