Yanvarın 29-u. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 40 ildən artıq fəaliyyət göstərən, hazırda direktor müavini işləyən Şirvan Abbasovun 60 illiyi münasibətilə dostları və həmkarları bir araya gəliblər.

Kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmovun otağında toplaşanların yubilyarı təbrik etmək üçün həm xatirələri çoxdur, həm də vaxtilə çalışdıqları filmlərin ərsəyə gəlməsində göstərdiyi xidmətlərdən danışmağa ürək sözləri. 

İlk olaraq Müşfiq Hətəmov yubilyara xoş diləklərini çatdırdı. Bildirdi ki, Şirvan Abbasov 1980-ci ildən təchizat şöbəsində işə başlayıb, sıravi işçi, daha sonra tikinti şöbəsi və təmir sexinin rəisi olub. Bu müddət ərzində savadı, işgüzarlığı, bacarıqlı təşkilatçılığı və insani keyfiyyətləri ilə bütün kollektivin hörmət və məhəbbətini qazanıb.

Əməkdar artist, aktyor və rejissor Elxan Qasımov yubilyarı təbrik edərək onun kinostudiyadakı fəaliyyətindən söz açdı. Qeyd etdi ki, bu illər ərzində çəkilən hər bir filmin tikinti təchizatının dəqiqliklə yerinə yetirilməsində Şirvan Abbasovun fəaliyyəti danılmazdır. İstənilən avadanlığın əldə edilməsi, filmin keyfiyyətinə xidmət edən amillərin daha uğurlu alınması üçün o, hər zaman bütün bacarığını sərf edib. Onun əməyi dövlət tərəfindən qiymətləndirilib və Azərbaycan kinosunun 120 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif edilib. Şirvan Abbasovun kino sahəsinə bağlılığı, təcrübəsi və sənətə töhfəsi bu sahədə fəaliyyət göstərən gənclərə örnəkdir.

Tədbirdən sonra yubilyarla qısa söhbət etdik. Şirvan müəllim deyir ki, 40 ildir ki, fasiləsiz olaraq “Azərbaycanfilm”də çalışır: “Baxmayaraq ki, təhsilim, ixtisasım kino sahəsi üzrə deyil. Artıq 10 ildən artıqdır ki, ümumi işlər üzrə direktor müaviniyəm. Buna qədər təmir-tikinti sahəsinə rəhbərlik etmişəm. Bu illər ərzində kinonu o qədər çox sevmişəm ki, bu sevgim məni hər gün daha çox bu sahəyə bağlayıb. “Azərbaycanfilm”in nüfuzu o qədər güclü olub ki, bu günə kimi filmlərin çəkilişi ilə bağlı əlaqə qurmaq istədiyimiz bütün təşkilatlar, dövlət idarələri, yaxud lazım olan avadanlığı əldə etmək üçün müraciət etdiyimiz istehsalçı şirkətlər hər zaman böyük məhəbbət və hörmətlə bizə yardımçı olublar”.

Müsahibim bildirir ki, bir çoxları onun mühəndis kimi öz sahəndə daha böyük uğur əldə edə biləcəyini desə də, işindən razıdır: “Ömrümü kinostudiyaya bağlamaqda heç də peşman deyiləm. Bu günə kimi çoxsaylı filmlərin dekorasiyasına lazım olan tikinti işlərinin həyata keçirilməsində yaxından iştirak etmişəm. Kinomuzun ən parlaq səhifələrinə yazılan filmlərdə əməyim varsa, bu mənim üçün böyük xoşbəxtlikdir”.

Yubilyar vurğulayır ki, bu illər ərzində kinonu o qədər çox sevib ki, onun üçün çətin tapşırıq,  çətin iş anlayışı olmayıb: “Filmlərdə maraqlı görüntü yaradan çoxsaylı tikililər olub ki, həmin işlər kinolentlərdə əbədiləşərək öz ömrünü yaşayır.

Qurğu, dekorasiyadan fərqli olaraq, əsaslı tikililər də kino çəkilişində əhəmiyyətli yer tutur. Çox şadam ki, bu gün yubileyimi kinostudiyada, sevimli kollektivimlə birlikdə qeyd edirəm. Bu yaşın 40 ilini bir kollektivdə yaşamağın özü də böyük şərəfdir. Gəncliyimdən burada korifey sənətkarlarla çalışmışam. Bu gün ən əziz dostlarım sırasında Rasim Balayev, Elxan Qasımov, Əsəd Əsədov kimi insanlar var. Onlardan yaşca kiçik olsam da, hər birinin sevgisi ilə əhatə olundum, onların dostluğu ilə bu yaşa çatdım”.

Ötən il “Tərəqqi” medalı ilə təltif edilməsini həyatında ən əlamətdar hadisə hesab edən Şirvan müəllim əməyinə verilən qiymətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.

L.AZƏRİ