“Mədəniyyət.AZ” jurnalının növbəti sayı çapdan çıxıb. Dərginin bu sayında ötən ilin son aylarının əlamətdar hadisələrinə məqalə, müsahibə və fotoreportajlara həsr olunub.
Bu sayda həmçinin VI Bakı Beynəlxalq Forumunun yekunları şərh edilib, tədbirin qonaqları ilə müsahibələr verilib.
“Vətən uzaqda deyil!..” qeydlərində Cümhuriyyət qurucularından Ceyhun Hacıbəylinin Fransada yaşayan gəlini və nəvəsinin vətənə gəlişindən bəhs edilir.
Qazax Müəllimlər Seminariyasının 100 illiyi ilə əlaqədar Prezident sərəncamına uyğun, təhsil ocağının ölkəmizdə necə yarandığı barədə Şəmistan Nəzirlinin “Qoridən gələn qatar” araşdırması söz açır.
“Ədəbiyyat” bölümündə 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı Cahangir Səlimxanovun “Simadan Asimana...” məqaləsi yer alıb. Yazıçı İsa Muğannanın həyat və yaradıcılığına qızı Sevinc Muğanna ilə söhbət kontekstində nəzər salınır.
“Teatr” rubrikası V Bakı Beynəlxalq Teatr Festivalından reportaj, paytaxtımıza təşrif buyurmuş məşhur sənətçilərlə müsahibələrlə zəngindir.
Jurnalın bu sayını əlamətdar edən məqamlardan daha biri dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyi münasibətilə həyat və yaradıcılığı, eləcə də vətəndə keçirilən sərgisi haqqında materialdır.
UNESCO-nun siyahısına daxil edilmiş “Yallı” (Köçəri, Tənzərə) rəqslərinin keçib gəldiyi tarixi yola “Rəqslər milli sərvətimizdir” tədqiqatı ilə işıq tutulur.
Jurnal həmişəki kimi, öz səhifələrində elmi axtarışlarla məşğul olan tanınmış alimlərə və gənc tədqiqatçılara da yer ayırıb.