Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə yaradılan “Kino klub” tamaşaçıları dünya və milli kino nümunələri ilə tanış edir.
Klubda növbəti görüş Azərbaycan kinosuna həsr olunub. Gecənin moderatoru, nazirliyin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə tamaşaçılara qısametrajlı bədii filmlərimiz barədə danışıb. Sonra o, 1967-ci ildə “Azərbaycanfilm” kinostudiyasında Salam Qədirzadənin hekayəsi əsasında rejissor Eldar Quliyevin diplom işi olaraq çəkdiyi “Biri vardı, biri yoxdu” və “4.1 Şəhər motivləri” almanaxından (2015) rejissor Cəfər Axundzadənin “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmləri barədə məlumat verib.
Nostalji notlarla zəngin olan ekran əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb, nümayişdən sonra müzakirələr aparılıb.