2009-cu ildə UNESCO-nun Qeyri-maddi və mədəni irs siyahısına daxil edilmiş Türkiyənin “Qaragöz” kölgə teatrı oyununun yaranma tarixi XVI əsrə gedib çıxır. Məzəli Qaragöz ilə yanaşı bu tamaşalarda onun tərəfdaşı Hacıvat, şəhər əhli, Anadolu kəndliləri, Dərviş və b. iştirak edir.
Bir fərziyyəyə görə, “Qaragöz” teatrının tarixi qədim Yunanıstandan başlayır. Qaragöz ağıllı və hazırcavab saray təlxəyi kimi təbii yumoru, cəsarəti və müşahidə qabiliyyəti ilə seçilən “məzəli qul” imiş. İtiriləsi nəyisə olmadığından o, zəmanəni və dövranı istədiyi qədər sərt tənqid edirmiş. Digər fərziyyəyə görə, kölgə teatrı ənənəsi Türkiyəyə Misirdən gəlib, sonradan bu sənətdə türk motiv və xarakterik xüsusiyyətləri meydana çıxıb.
Bu gün dünya xalq teatrları arasında öz yerini tutmuş “Qaragöz” teatrı gördüyümüz formada XVII əsrdə formalaşıb. Müsəlman aləmində teatrın, incəsənətin küfr əməl sayıldığı zamanda da türklərin “Qaragöz”ü yasaq edilməyib, hətta kölgə teatrı qəhrəmanının tərəfdaşı Hacıvat da bu zaman peyda olub. “Qaragöz” teatrının populyarlığı artdığından hətta sultan sarayında da müntəzəm olaraq tamaşalar göstərilirmiş.
Xarakterinə gəlincə, Qaragöz hər şeylə maraqlanan, çox fəhmli olsa da, bəzən bilərəkdən özünü korazehin göstərən personajdır. Hacıvat ilə Qaragözün münasibəti də tamaşalarda heç də həmişə eynixətli deyil. Elə bu səbəbdən də onların az qala hər dialoqu tamaşaçılarda gülüş doğurur. Qaragöz ilə Hacıvatın əhvalatları tamaşaçıların yaşına görə dəyişir. Tamaşa mətnlərində uşaqlar üçün yumşaq şirin yumordan, nəsihətamiz olaylardan istifadə edilirsə, böyüklər üçün tamaşalarda satira və sarkazma üstünlük verilir.
Tamaşalarda iştirak edən fiqurlar camış gönündən və ya dəvə dərisindən düzəldilir. Dəri parçalarını bir-birinə elə calayırlar ki, insan fiquruna oxşasın, sonra da təbii hazırlanmış xüsusi boyalarla rəngləyirlər.
“Qaragöz” teatrı bütün Osmanlı imperiyasının ərazisinə, eləcə də digər ərazilərə yayılıb. Azərbaycan türklərinin dilindəki “qaragözlük etmək” ifadəsinin kökü də bu xalq teatrı janrından qidalanır. Məsələn, Türkiyə Qaragözünün təsiri ilə Yunanıstanda müasir yunan xalq teatr personajı - Qaragiozis meydana çıxıb. Onun dostu Hacıvatın adı isə Xadziavatisa kimi tələffüz olunur.
Yeri gəlmişkən, 2018-ci ildə Suriyanın təqdim etdiyi “Kölgə oyunu” nominasiyası da UNESCO siyahısına daxil edilib. Həmin kölgə teatrında baş qəhrəmanlar Qaragöz və dostu Eyvazdır.
G.MİRMƏMMƏD