Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Azərbaycan jurnalistləri Zaur Babayevin və Fərhad Nuriyevin “Rusiya xarici jurnalistlərin gözü ilə” kitabının təqdimatı olub.
“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov müəllifləri təqdim edib. Bildirib ki, kitabda SSRİ dağılandan sonra Rusiya ilə Azərbaycan arasında siyasi-hüquqi, ticari-iqtisadi, mədəni və humanitar münasibətlərin inkişafı və müasir vəziyyəti kompleks tədqiq edilib.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti, müasir jurnalistikanın nəzəriyyəsinə və təcrübəsinə dair 30-dan çox kitabın müəllifi Zaur Babayev və beynəlxalq münasibətlərdən yazan Fərhad Nuriyev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan kitabın hazırlanmasından bəhs ediblər.
RF-nin Azərbaycandakı səfiri Mixail Boçarnikov, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, Miniatür Kitab Muzeyinin təsisçisi, Əməkdar mədəniyyət xadimi Zərifə Salahova, BDU-nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli və başqaları ali məktəblərdə beynəlxalq münasibətlərin öyrənilməsi üçün nəzərdə tutulan bu nəşrin əhəmiyyətindən danışıblar.
Kitabın elmi redaktoru, BDU-nun Beynəlxalq jurnalistika kafedrasının professoru Nəsir Əhmədlidir.