Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.
Tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin təşkili, xarici və yerli kütləvi informasiya vasitələrində qanlı qırğını əks etdirən materialların yayılması, internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.
Bundan başqa, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tədbirlər təşkil ediləcək, sərgilər, soyqırımı şahidləri ilə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunacaq. Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalıya həsr olunacaq.