Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Azercell” şirkətinin təşkilati dəstəyi ilə 4-cü dəfə keçirilən Buktreyler festivalında iştirak şərtləri elan olunub.

Festivalın təsisçisi və direktoru Ruslan Sabirlinin bildirdiyinə görə, yaşından asılı olmayaraq hər bir kəs öz sevdiyi azərbaycanlı yazar və ya Azərbaycan ədəbiyyatına aid buktreyler çəkib onu festivalın internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə bu yarışmada iştirak edə bilər.

Bir iştirakçı tərəfindən təqdim olunan buktreylerlərin sayına məhdudiyyət qoyulmur. İştirakçı təqdim edilmiş buktreylerin öz müəllif işi olmasına və kimsənin müəllif hüquqlarının pozulmamasına zəmanət verir və bununla bağlı məsuliyyət daşıyır. Təqdim edilmiş buktreylerlər müəllifə heç bir ödəniş edilmədən festivalın təbliği məqsədilə istifadə edilə bilər, festivalın rəsmi saytında və internet resurslarında yerləşdirilə bilər.

Builki festivalda yenilik olaraq “Ən yaxşı mobil buktreyler” nominasiyası da elan edilib. Hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkməklə bu nominasiya üzrə festivala qatıla bilər.

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənən, onun ən maraqlı anlarını özündə əks etdirən videoçarx (treyler) və qısa filmdir. Festival üçün çəkilən buktreylerlərin xronometrajı maksimum 3 dəqiqə olmalıdır.

Ətraflı məlumatı www.booktrailer.az saytından və festivalın Facebook səhifəsindən əldə etmək olar.