Aparılmış təhlillərin nəticələri və ölkəmizdə reallaşan mədəniyyət siyasətinin qarşısında duran strateji hədəflər nəzərə alınaraq Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzi tərəfindən regionlarda təşkil ediləcək və mədəniyyət işçilərinin tətbiqi biliklərinin təkmilləşdirilməsi, onların kreativ peşə səriştələrinin formalaşmasına xidmət edəcək kursların əsas istiqamətləri müəyyən olunub.
Mövzular mədəniyyət işçilərinin bütün kateqoriyalarını əhatə edəcək. “Mədəniyyətdə marketinq”, “Tədbirlər siyasəti”, “Nitq mədəniyyəti”, “Müasir mədəniyyət işçisinin peşə fəlsəfəsi”, “Müasir mədəni menecment”, “Kreativ peşə səriştələri”, “Mədəniyyət siyasəti”, “Mədəniyyətdə PR strategiyası”, “Kreativ sənaye” kimi müasir mövzularla yanaşı, “Dövlət idarəetmə sistemi və qanunvericilik”, “Muzey işi”, “Klub işi”, “İncəsənət müəssisələrinin idarə olunması” kimi digər mövzularda da kurslar keçiriləcək.
Mədəniyyət sahəsində ilk dəfə olaraq sosial tərəfdaşlıq təcrübəsindən geniş istifadə edilməklə mədəniyyətin digər sahələr ilə səmərəli və işgüzar inteqrasiyası təmin olunacaq. Kurslar mədəniyyət müəssisləri ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil ocaqları və digər ixtisaslaşmış müəssisələrdə də təşkil olunacaq.