Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması və 2019-2022-ci illərdə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rolu olan çoxtərəfli platformadır. 120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Hərəkata üzv olduğu qısa müddət ərzində ölkəmiz özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb. 2016-cı ilin sentyabrında Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının növbəti sammitinin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunub.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.

Sərəncama əsasən, Qoşulmama Hərəkatının Bakı şəhərində keçiriləcək XVIII Zirvə Görüşünün təşkili məqsədilə Təşkilat Komitəsi yaradılıb.

Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəridir. Komitəyə mərkəzi icra hakimiyyəti və müvafiq dövlət qurumlarının rəhbər şəxsləri daxildir. Azərbaycan Respublikasının mədəniyyət naziri Təşkilat Komitəsinin üzvüdür.

Təşkilat Komitəsinə sammitin keçirilməsi ilə bağlı işçi qrup yaratmaq və bir ay müddətində tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.