Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə reallaşan, ölkəmizin regionlarının mədəni irsinə, xalq yaradıcılığına və incəsənətinə həsr olunan “Bölgələrdən bölgələrə” adlı müştərək televiziya verilişinin çəkilişləri başlayıb. Layihənin ilk çəkilişi Ağstafa rayonunda keçirilib.
Mədəniyyət mərkəzində keçirilən konsertdə Ağstafa rayonunun istedadlı şagirdləri tərəfindən bəstəkar və xalq mahnıları ifa olunub, həmçinin qonşu rayonların özfəaliyyət kollektivləri milli və etnik rəqs nümunələri ilə çıxış edib, simli musiqi alətlərimizin geniş ifa imkanlarını göstəriblər.
Rayon ziyalıları bölgələrdə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə hər il bölgələrimizin mədəni irsinin təbliği ilə bağlı müxtəlif layihələr icra olunur, festivallar keçirilir. 2010-2014-cü illərdə reallaşan “Xalq yaradıcılığı paytaxtları” proqramı, sonrakı illərdə həyata keçirilən “Ədəbiyyat paytaxtı” və “Milli mətbəx paytaxtı”, “Bölgələrdən paytaxta” layihələri bu qəbildəndir. 2018-ci ilin yayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı da geniş rezonans doğurmuşdu.
“Bölgələrdən bölgələrə” silsilə televiziya verilişləri də şəhər və rayonlarımızın mədəni irsinin təbliğinə mühüm töhfə olacaq.