Moskvanın Mərkəzi Kino Evində Azərbaycanın Xalq artisti, Rusiyanın Əməkdar incəsənət xadimi, kinorejissor Tofiq Şahverdiyev və Y.Vaxtanqov adına Rusiya Dövlət Akademik Teatrının bədii rəhbəri Rimas Tuminasın yaradıcılıq gecəsi keçirilib.

Azərbaycanın və Litvanın Rusiyadakı səfirliklərinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Tofiq Şahverdiyevin teatr rejissoru Rimas Tuminasa həsr edilmiş “Bizim bütün həyatımız oyundur” adlı sənədli filminin premyerası olub.

Gecədə çıxış edən Litva səfiri Remiqiyus Motuzas qeyd edib ki, Azərbaycan səfirliyi ilə birlikdə iki xalqın tanınmış mədəniyyət xadimlərinin yaradıcılıq gecəsinin keçirilməsi əlamətdar hadisədir. O, Rimas Tuminasın səhnələşdirdiyi tamaşaların həm Rusiyada, həm də Litvada sevilərək baxıldığını deyib.

Litva ilə Azərbaycan arasında sıx mədəni əlaqələrdən danışan diplomat deyib: “Bəlkə də bura toplaşanların bəziləri bilmirlər ki, Litva ədəbiyyatının klassiklərindən biri olan yazıçı Vinsas Kreve Mitskyavicus ən məşhur əsərlərini Bakıda yazıb. O, Bakıda gimnaziyada rus dilindən dərs deyib. 1919-cu ildə Litvanın Bakıdakı konsulu təyin edilib, Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib”.

Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Nigar Axundova səfir Polad Bülbüloğlunun tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə qeyd olunub ki, rejissor Tofiq Şahverdiyevin filmi görkəmli rejissor Rimas Tuminasın adı ilə bağlı qeyri-adi fenomeni kəşf etməyə imkan verir.

Film haqqında danışan T.Şahverdiyev deyib ki, rejissor Rimas Tuminasın Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operası üzərində işləməsi mənim diqqətimi cəlb etdi və onun Böyük Teatrda bu məşhur əsəri səhnələşdirməsi prosesini lentə almaq, bu yaradıcı insanın özünəməxsusluğunu tamaşaçılara çatdırmaq qərarına gəldim.

T.Şahverdiyev ötən il Prezident İlham Əliyevin sərəncamı ilə ona “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının verilməsindən qürur duyduğunu vurğulayıb, yaradıcılığına verilən yüksək dəyərə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Tədbir çərçivəsində Tofiq Şahverdiyevin foto işlərindən ibarət sərgi də təşkil olunub.