Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncədə “İmamzadə” dini kompleksini ziyarət ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov VIII əsrə aid tarixi memarlıq abidəsi olan və xalq arasında “Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini-mədəniyyət kompleksinin yenidənqurma işlərindən sonra bütün müsəlman dünyasından ziyarətçiləri qəbul etdiyini bildirib. Qeyd edilib ki, bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.
“İmamzadə” dini kompleksi Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşir. Ölkənin dini-tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin də təmiri və bərpasına xüsusi diqqət göstərib. İnsanların inanc yeri kimi üz tutduqları bu məbəd məhz dövlətimizin başçısının sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm alıb.
Mehriban Əliyevaya və Leyla Əliyevaya “Qurani Kərim” hədiyyə edilib.
Birinci vitse-prezident burada ziyarətə gələnlərlə görüşüb.
Fevralın 14-də “İmamzadə” kompleksində Azərbaycanın Birinci vitse-prezidentinin adından ehsan süfrəsi verilib.
* * *
Birinci vitse-prezident Mehriban Əliyeva və Leyla Əliyeva Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində olublar.
Muzeyin direktoru İradə İbayeva mədəniyyət ocağının 2007-ci ildə Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin 100 illik yubileyi ərəfəsində yaradıldığını bildirib.
Mir Cəlal Paşayev Cənubi Azərbaycanda anadan olsa da, taleyi onu qədim Gəncə şəhərinə gətirib çıxarıb. Ədib həmişə Gəncəni sevib və doğma şəhəri bilib. Mir Cəlal Paşayevin uşaqlıq, gənclik və tələbəlik illəri, pedaqoji və ədəbi fəaliyyəti, ailə həyatı muzeyin ekspozisiyasında əksini tapıb. Muzeydə 2009-cu ildə elmi-ədəbi tədqiqat şöbəsi fəaliyyətə başlayıb.
* * *
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Xan bağı” mədəniyyət və istirahət parkında sakinlərlə görüşüb, şəhərdəki uşaq evinə və 18 nömrəli tam orta məktəbə də baş çəkiblər.