Yaxud vaxtsız zəng kimin üçün çalınır?

Bəlkə düz demirəm?! İki cüt, bir tək adam toplaşan kimi başlayırıq selfi-layk tədarükünə. Niyə? Çünki informasiya əsrinə uduzduğumuzu qəbul edə bilmirik. Özümüzü unudub yaddaş və hislərimizə uduzduğumuzu anlamaqdan qorxuruq. İnkar edən varsa, gedək “Yeraltı”na, “Underground”a baxaq...

Dövlət Pantomima Teatrının bu adda təqdim etdiyi tamaşaya seyrçi qalmaq asan deyil. Dörd yanı qara pərdəli, qara döşəməli, qara paltarlı adamlar qırmızı (səhnənin ortasında qoyulan qırmızı telefon durmadan cingildədikcə adamın yatmış sinirləri də oyanır) qanınızı qapqara edən mətləbləri üzünüzə vuracaq. Siz də bütün bunları oturduğunuz yerdə bir az da büzüşərək izləyəcəksiniz.

Tamaşanın ideya müəllifləri Nurlan Rüstəmov və Solmaz Bədəlova, quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğlu, plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, rəssamı Elnur Rzayevdir. Rolları Bəhruz Vaqifoğlu, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Səbirə Həsənova, Leyla Atayeva, Nuridə Musabəyli, Elnur Rzayev, Elxan Şahalıyev, Rafael Şahbəyli oynayır.

Səhnə əsərinin adı ingiliscədən tərcümədə “Yeraltı”dır. İnsanın bu yeraltı vakuumda olan bütün hisləri, prosesləri – tənhalıq, çoxluq, inkişaf, xilas, həmçinin bütün bunların fonunda qeyri-səmimi münasibətləri – tənəzzülü, uğursuzluğu özündə əks etdirir. Texniki tərəqqinin insan xarakterinə təsiri və onun ətrafına biganəliyi, həyat çərçivələrindən qurtulmaq istəyi, kişi və qadın qeyri-bərabərliyi, xilas günəşini tapıb ona doğru yüksəlmək istəyi, şüurdan imtinanın insan psixologiyasına təsiri  ustalıqla çatdırılır. Tamaşada bəşər övladını ayıltmaq və bir növ bəşəriyyəti xilas etmək məqsədilə telefon zəngi gəlsə də, heç kim buna əhəmiyyət vermir. Və bəşəriyyət uçurum təhlükəsində qalır. Qurtuluş yalnız özünüdərk və mənəvi dəyərlərdən asılıdır.

Bax bu savaşın, müxtəlif hal-vəziyyətlərin pantomim həllində iştirak edənlər “danışdılar”, biz isə sona qədər susqun oturduq.

Gənc qadın insan selinin içindəki tənhalığında, ondan qaçanların ortasındaca iki barmağını tətik edib gicgahına dayayır – part. Bayaqdan onun fərqinə varmayanlar əl-ayağa düşürlər. Həyəcan, qaç-qov. Hərə bir yandan çantasını eşələyir, ciblərini qurdalayır. Çak-çuk fotosessiya, selfi, anons videosu və “şok”, “oy”, “ay” başlıqlı paylaşımlar. Gəlsin “layk”lar...

Sevgisizlik, xəyanət, laqeydlik və daha saymağa qorxduğu neçə hissini boğan qadın da var burda. İçində qıvrılır. Əl, ayaq, göz, qaş, bütün tən ruhla vidalaşır. Qara oturacaqdakı qaradinməz kişi də papirosunu tüstülədir. Budur, iki barmaq gicgaha yaxınlaşdı və...

Dəm-dəsgah ilə intihar sahilinə yaxınlaşan biri var orda, görürsüz? Deyəsən, heç özü də özünü görmür. Daha çox görmək istəmir. Yağışın şırıltısında bədənini paltardan ayırıb. Sinəsinə söykədiyi xəncərdən başqa bütün baş verənlər təfərrüatdır. Çaxan şimşək dindi, yağış kəsdi, uğultular kiridi, adam öldü. Həm də adam kimi ölə bilmədən öldü. Yenə də öz içində, tappıltı ilə yıxıldı...

Bizi qərib edən tamaşanın bir parçasında da göyə nərdivan dirəyənlər var idi. Sərsəm ikili işıq üçün savaşır. Yerdəki bütün işıq gələn dəlmə-deşikləri barmağı ilə qapayıb göyə dırmaşır. Lap Akutaqava Rüneskonun “Hörümçək toru” hekayəsindəki Kandata kimi. Oğru Kandata ömründə bir dəfə yaxşılıq edir – hörümçəyi ayaqlamır və məhz o tor onu xilas edir. Ta o vaxta qədər ki, adam başqalarının da xilasını həzm edə bilmir və arxasınca dırmaşanları dabanı ilə vurub ipdən qoparmağa çalışır. Sonda Budda da onu cəzalandırır: tor qırılır və o cəhənnəmin ən dibinə yuvarlanır.  Bizim qəhrəmanlar da bir-birinə mane olub, işığa nərdivan ilə çatmaq arzularında boğulurlar...

Deməli, daha şikəst ümidinə qaldıq? Allah eşqinə, bu qədər amansız olmayın. Qoyun, adam kimi yaşayaq. Nə olsun ki, şikəst ruhumuzu sevmirsiniz. Axı o bizə əzamız kimi əzizdir. Ona toxunduqca ağrıtmaqdansa üzərini örtün...

Səsimizə səs verən oldu. Rejissor Bəhruz Vaqifoğlu: “Peşəmizin dəyəri də məhz ondadır ki, tamaşaçı bizim göstərmək istədiyimiz fikri görə bilsin. Öz fikirləri ilə onu uyğunlaşdırıb özününkü kimi hiss etsin. Əgər tamaşaçı hər hansısa bir əsərdə özünə yaxınlıq görmürsə, onun üçün maraqsız olur. Ona görə tamaşalarda məni nə narahat edirsə, o səhnəni daha çox qabarıq və ya görünməz informasiya kimi şüur altına yeritməyə çalışıram. Hərdən işıqların, musiqinin, səssizliyin və s. bu cür köməkçi detalların vasitəsilə tamaşaçılarla həmfikir oluruq. “Underground”da ümumi insanlıqdan danışılır. Ön planda insanlıqdı. Biz eyni əhvalla kökləndiyimiz üçün dünyaya və dünyada baş verənlərə baxışlarımız da bənzər olur...”

Həmidə NİZAMİQIZI