“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində bu il yubileyləri qeyd olunan ədiblər haqqında ekran əsərləri çəkiləcək.

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369-1417) anadan olmasının 650, görkəmli yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzadənin (1869-1932) 150 illiyi münasibətilə sənədli filmlər lentə alınacaq. Nəsimi haqqında “Son gecə” adlı televiziya filminin mövzusu Xalq şairi Rəsul Rzanın Nəsimiyə həsr olunmuş poemasının motivlərindən götürülüb.

“Azərbaycantelefilm”də bu il doğumunun 525-ci ildönümü olan dahi Azərbaycan şairi Məhəmməd Füzuli (1494-1556) haqqında film ekranlaşdırılacaq.

Qeyd edək ki, “Azərbaycantelefilm” bu ildən “Sabah” yaradıcılıq emalatxanası ilə əməkdaşlığa da başlayıb. Hazırda görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının (1899-1934)  keşməkeşli həyatından bəhs edəcək çoxseriyalı “Azad bir quşdum” bədii-sənədli televiziya filminin çəkilişlərinə hazırlıq işləri gedir. Film ölməz dramaturqun 120 illik yubileyinə həsr olunub.