Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxu zalında Xalq artisti, rejissor Tofiq Tağızadənin anadan olmasının 100 illiyi ilə əlaqədar “Milli kino salnaməmizin Tofiq Tağızadə zirvəsi” adlı tədbir keçirilib.
Oxuculara xidmət şöbəsinin müdiri Mehriban Gəbəybəyova, kitabxananın əməkdaşı Zəmirə İskəndərova, rayon ziyalısı, kitabxananın fəal oxucusu Ədil Cəfərov Tofiq Tağızadənin yaradıcılığından bəhs ediblər.
Vurğulanıb ki, milli kino tariximizə yeni səhifələr yazmış Tofiq Tağızadənin ilk ekran əsəri 1955-ci ildə çəkdiyi “Görüş” filmidir. İlk işinin uğurundan ruhlanan rejissor 1958-ci ildə Azərbaycan kino tarixində əhəmiyyətli yer tutan məşhur “Uzaq sahillərdə” filminə quruluş verib. Bundan sonra sənətkar “Əsl dost”, “Arşın mal alan” (1965), “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Bağ mövsümü”, “Babamızın babasının babası” və digər filmləri çəkib.
Tədbirin sonunda görkəmli sənətkara həsr olunmuş slayd nümayiş olunub.