Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən göndərilən zəngin kitab kolleksiyasından ibarət sərgi açılıb.

Sərgidə Azərbaycan tarixi, mədəniyyəti, iqtisadiyyatı, ədəbiyyatı, kulinariyası və s. mövzularda maraqlı kitablar yer alıb. Nəşrlər arasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin son illər apardığı islahatlar haqqında nəşrlər də var.

Bir həftə davam edəcək sərgiyə gələn qonaqlar, AMM-dəki kurs və dərnəklərdə iştirak edən gənclər və yeniyetmələr ölkəmizə dair nəşrlərlə tanış ola biləcəklər. Maraqlananlar bu kitabları mərkəzin kitabxanasında oxuya, habelə onların surətlərini əldə edə bilərlər.

Sərgi başa çatdıqdan sonra kitab kolleksiyası Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində yaradılacaq Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzinə veriləcək.