Mədəniyyət müəssisələrində çalışan əməkdaşların hazırlıq səviyyəsinin yüksəldilməsi ölkəmizdə reallaşdırılan mədəniyyət siyasətinin strateji hədəflərindən biridir və Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə mütəmadi islahatlar aparılmaqdadır.
Bu hədəflər nəzərə alınmaqla mədəniyyət işçilərinin kreativ peşə səriştələrinin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında ixtisasartırma kurslarının keçiriləcəyi regionlar müəyyənləşdirilib. Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən reallaşdırılacaq ixtisaslaşmış kurslar Bakı, Xaçmaz, Şamaxı, Gəncə, Lənkəran və Xırdalan şəhərlərində keçiriləcək.
Dövlət rəsm qalereyaları, muzey işi və klub işi ilə bağlı mövzuları ehtiva edən kurslar Xaçmaz, Gəncə və Lənkəranda təşkil olunacaq. “Dövlət idarəetmə sistemi və qanunvericilik”, “İncəsənət müəssisələrinin idarə olunması” mövzularında kurslar isə paytaxtda keçiriləcək. Heydər Əliyev mərkəzləri ilə bağlı mövzular Xırdalan şəhərində tədris olunacaq.
Təlimlərin fərqli yerlərdə təşkili, eyni zamanda, nazirliyin regionların mədəni ixtisaslaşması siyasətinə dəstəkdir. Kursların fəaliyyəti çərçivəsində yerli icra qurumlarının köməyi və mədəniyyət işçilərinin fəallığı sayəsində regionlarda yaşayan gənclərin marağına səbəb olacaq kreativ laboratoriyaların təsis edilməsi də planlaşdırılır.