Fevralın 18-də Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Bakı-Dərbənd-Mahaçqala dəmiryol xəttinin çəkilməsinin 120 illiyinə həsr olunmuş “Dəmir izlər” adlı sərgi açılıb.
Sərgidə mövzu ilə bağlı muzeyin fondunda qorunan eksponatlar və Xaçmaz Dəmiryol Stansiyası tərəfindən muzeyə təqdim olunan yeni materiallar, arxiv sənədləri yer alıb.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəis müavini Elxan Məhərrəmov, muzeyin direktoru Pakizə Mehdiyeva, Xaçmaz Dəmiryol Stansiyasının rəis müavini Əliqiyam Məmmədov və başqaları çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.
Məlumat verilib ki, Vladiqafqaz dəmiryol xəttinin çəkilişinə 1898-ci ildə başlanılıb və 1902-ci ildə başa çatıb. Müəyyən tamamlama işləri 1915-ci ilədək davam edib. İngilis və alman mütəxəssislər tərəfindən həyata keçirilən tikintidə yerli əhali də yaxından iştirak edib. İndiki Xaçmaz və Xudat şəhəri, eləcə də Yalama, Ləcət, Qusarçay, Çarxı kəndləri ərazisində xüsusi memarlıq üslubuna malik vağzal binaları tikilərək istifadəyə verilib. Bu binalar indi tarixi abidə kimi qorunur.
Sonra qonaqlar sərgi ilə tanış olublar.