Macarıstanın ölkəmizdəki səfirliyinin ikinci katibi, mədəniyyət və təhsil məsələləri üzrə müşavir Mihay Qruber Azərbaycan Dövlət Musiqili Teatrında olub.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev qonağa teatrın inzibati binasının tarixi, burada oynanılan ilk tamaşalar barədə danışıb, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bir neçə il əvvəl aparılan mükəmməl yenidənqurma və bərpa işlərindən sonra sənət ocağında kollektivin daha böyük əzmlə çalışdığını qeyd edib.
Görüş zamanı mədəni əlaqələr, yaradıcılıq mübadiləsi ilə bağlı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib, iki ölkə arasında səfər və qastrolların təşkili məsələlərinə toxunulub.
Diplomat səmimi söhbət üçün minnətdarlığını bildirib. “Teatrınızın görkəmi dünyanın bir çox nüfuzlu teatrları ilə müqayisə olunacaq dərəcədə möhtəşəm və gözəldir. Elə ilk baxışdan da hiss olunur ki, burada uğurlu tamaşaların ərsəyə gəlməsinə zəmin yaradan peşəkar mühit var... Əminəm ki, bundan sonra da Macarıstan-Azərbaycan mədəni əlaqələri xalqlarımızın yaxınlaşmasında mühüm rol oynayacaq”, - deyə o vurğulayıb.