Fevralın 18-də Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli teleaparıcı və diktor Rafiq Hüseynovun (1946-2017) yaşadığı evin qarşısında barelyefinin açılışı olub.

Barelyef Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, fondun dəstəyi ilə hazırlanıb.

Tədbirdə çıxış edənlər Rafiq Hüseynovun keçdiyi sənət yolundan bəhs ediblər. Bildiriblər ki, Rafiq Hüseynov böyük təcrübəyə malik peşəkar teleaparıcı idi. O, efirdə yazıçı ilə yazıçı, musiqiçi ilə musiqiçi, teatr işçisi ilə teatrşünas kimi danışır, informasiya, bədii, ictimai-siyasi mətni mövzuya uyğun ahənglə səsləndirirdi. Rafiq Hüseynov keçmiş Sovet İttifaqı məkanında tanınan diktorlardan biri idi. Moskvada – Mərkəzi televiziyada işləməyə dəvət alsa da, bu təklifi qəbul etməmiş, doğma televiziyanı üstün tutmuşdu.

Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova, xalq artistləri Eldost Bayram, Ofeliya Sənani və başqaları görkəmli teleaparıcının xatirəsinə göstərilən diqqətə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.