Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tərəfdaş olduğu “EQAC – “Erasmus+” layihəsi üzrə növbəti təlim Londonda Middlesex Universitetində keçirilib.
ATMU-dan bildirilib ki, tədbirdə bu ali məktəbi layihə meneceri, dosent Flora Ələsgərova, rektor müşaviri Elvin Yusifli, Akkreditasiya və keyfiyyət təminatı şöbəsinin bölmə rəhbəri Simnar Məmmədov və layihə mütəxəssisi Samir Məhərrəmov təmsil ediblər.
Təlimdə Middlesex Universitetinin proqramlar üzrə direktoru Georq Dafoulas layihənin icrasını şərtləndirən məqsəd və vəzifələrdən ətraflı bəhs edib. O, Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılmasını, fəaliyyət mexanizminin Avropa təhsil standartlarına uyğun formalaşdırılmasını başlıca hədəflərdən biri kimi dəyərləndirib.
ATMU-nun layihə meneceri Flora Ələsgərova bildirib ki, Avropa ölkələrinin çoxsaylı tərəfdaş universitet nümayəndələrinin azərbaycanlı təlim iştirakçıları ilə apardıqları fikir mübadiləsi konkret vəzifələrin icrasına təkan verəcək.
Beynəlxalq təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.