Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Dövlət Dumasında “Rusiya ilə Azərbaycan arasındakı mədəni körpülər mədəniyyətlərarası dialoqun təməli kimi” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masaya iki ölkənin deputatları, mədəniyyət xadimləri qatılıb.

Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tədris işləri üzrə prorektoru Sevda Sadıxbəyova, xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova da iştirak edib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sevda Sadıxbəyova “Azərbaycan qədim köklərə və multikultural ənənələrə malik ölkədir” adlı məruzə ilə çıxış edib.

Prorektor çıxışı zamanı vurğulayıb ki, multikulturalizm Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və hər zaman diqqət mərkəzində saxlanılır. O, məruzəsində Azərbaycan və Rusiya gənclərinin qarşılıqlı əməkdaşlığına da toxunaraq onların birgə həyata keçirdikləri layihələrin, yaradıcılıq fəaliyyətinin qısa zaman ərzində öz bəhrəsini verəcəyini və Bakı Xoreoqrafiya Akademiyasının bu prosesdə daim fəal olduğunu diqqətə çatdırıb.

Vurğulanıb ki, Rusiyanın klassik və müasir rəqs üzrə tanınmış sənətkarlarının iştirakı ilə BXA-da təşkil olunan ustad dərsləri, müəllimlərin ixtisasartırma kursları və akademiya tərəfindən keçirilən ənənəvi Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə Beynəlxalq Müsabiqə bunun bariz nümunəsidir.