Dünyada, eləcə də Azərbaycanda kinematoqrafiyanın tarixi sənədli kinodan başlayıb. Lümyer qardaşlarının 1895-ci ildə Fransada apardıqları ilk xronikal-sənədli film çəkilişlərindən cəmi üç il sonra Bakıda da ilk sənədli kinosüjetlər nümayiş olundu. Sonrakı illərdə kinoya səsin gəlişi sənədli və elmi-kütləvi kinonun imkanlarını genişləndirdi. Eyni zamanda bu operativ kino növü cəmiyyətdə baş verən real hadisələrdən və insanların həyatından bəhrələndi. Bu da onun növ və janrlarının çoxalmasına səbəb oldu. Tədricən püxtələşən sənədli kino janrının bir çox nümunələri, o cümlədən kinojurnal, kinoxronika, hərbi mövzulu filmlər, müsahibə, publisist-müzakirə, elmi-publisist, elmi-istehsalat, animasiya görüntülü (əsasən hərbi mövzulu filmlərdə), təlim-təhsil, bioqrafik və s. xarakterli sənədli filmlər çəkildi.

Sənədli kinonun obyektivliyə və operativliyə əsaslanan vacib xüsusiyyətləri bu sahədə peşəkar rejissorların məşhurlaşmasına səbəb oldu. Dünya şöhrətli rejissorlar Yoris İvens (Hollandiya), Robert Flaerti (ABŞ), Lev Kuleşov, Roman Karmen (Rusiya), Con Qrirson (Böyük Britaniya) və başqaları sənədli kino estetikasının müxtəlif vasitələrindən istifadə etməklə filmlərində fəlsəfi ümumiləşdirmələr yaratdılar, sənədli kinonun poetik təqdimatına nail oldular. Məşhur sənədli kino ustası R.Karmenin Azərbaycanda çəkdiyi “Xəzər neftçiləri haqqında dastan” (1953) və “Dənizi fəth edənlər” (1959) ekran əsərləri də sənədli kinoda hadisəyə çevrildi, yaradıcı heyətə mükafatlar qazandırdı. Sonralar isə bir sıra sənədli filmlərimiz kino sənətinin uğuru kimi təşəkkül tapdı.

Bəlli olduğu kimi, Azərbaycanda ilk kinosüjetlərin yaranması (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Qatarın dəmiryol stansiyasına daxil olması” və s.) Bakıda 30 ildən artıq yaşamış A.M.Mişonun adı ilə bağlıdır. XX əsrin əvvəllərində Bakı həyatından bəhs edən informasiya xarakterli filmlər yarandı. Tədricən sənədli kino təbliğat-təşviqat xarakteri aldı.

Dövrünün reallığını əks etdirən filmlərdə qadın azadlığından, cəhalətə qarşı mübarizədən, inqilabi proseslərdən, ölkədə baş verən dəyişikliklərdən bəhs olunurdu. Kino biliyinin (yeni cərəyanların) zənginləşməsi sənədli kino ilə oyun filmlərinin sintezini yaratdı. Həyatdan və reallıqdan material alan filmlərin sayı çoxaldı. Elə isə bədii kinonun janr və cərəyanlarının bolluğu zəminində sənədli kino həyat üçün olan əhəmiyyətini sübut edə, tamaşaçısını ekran qarşısında saxlaya bildimi?

Əvvəla, səsin kinoya gəlməsi ilə bərabər müxtəlif sahələri əhatə edən, sosial-iqtisadi, mədəni-siyasi həyat, insanların əmək fəaliyyəti, nailiyyətləri, ölkə ərazisindəki təbiət hadisələri, milli adət-ənənələr, tarixi faktlar sənədli kinoya tükənməz mövzu verdi. Eyni zamanda sənədli kinonun yuxarıda sadalanan növləri də daxil olmaqla, əsas yaratdı ki, filmlər cəmiyyətdəki prosesləri təqib etsin, aktual mövzuları (publisist mahiyyətdə) insanlara çatdırsın. Bu minvalla da sənədli kino tarixin salnaməsini lentlərə köçürməklə özü də kinonun salnaməsini yaratdı.

Görkəmli holland rejissoru Yoris İvens “Sənədli kino kino sənətinin vicdanıdır” deyir. Bu mənada dəqiq faktlara əsaslanan sənədli filmlər heç bir janr və növdən istifadə etməsə belə, yenə də publisist təhlil obyekti olaraq izləniləcək, baxılacaq.

Azərbaycanın peşəkar kino ustalarından Niyazi Bədəlov, Muxtar Dadaşov, Mikayıl Mikayılov, Şüa Şeyxov, Cahangir Zeynallı, Oqtay Mirqasımov, Cəmil Fərəcov və başqalarının müxtəlif dövrlə səsləşən filmləri sənədli kino estetikasının mühüm prinsiplərini özündə əks etdirdiyinə görə milli kino tariximizdə əhəmiyyətli yer tutur.

Vacib məlumatlara əsaslanan informasiyalar müxtəlif hadisələrə vizual həyat verir. Mədəniyyət hadisələrinə, elmi faktlara, örnək timsallı ömür yolu olan insanların həyatına, etnoqrafik-coğrafi araşdırmalara, siyasi hadisələrə və s. mövzulara həsr olunan sənədli kino maarifləndirici funksiyası ilə yanaşı publisist mahiyyət daşıyır.

İlk baxışda sənədli kino darıxdırıcı film anlayışı yarada bilər. Lakin məntiqə söykənən, gerçək hadisələri nəql edən filmlərdəki vacib nüansları izlədikdə bəzək-düzəksiz təqdim olunan filmlərin hətta bədii kinonun gizli məzmunu anlamağımıza yardımçı olduğunu da görürük.

Kinosüjetlərlə, xronikalarla təşəkkül tapan, təkamül prosesini keçən sənədli kino əsasən animasiya, elmi və bədii-sənədli janrlarla zənginləşdi. Təbiət hadisələrini, tarixi-bioqrafik mövzuları, real faktları aktyor oyunu və ya müxtəlif təsvir vasitələri ilə göstərən sənədli filmlərin başlıca məqsədi tamaşaçı nəzərində və qəlbində yer tutmaqdır. Bədii filmlərdən fərqli olaraq faktlara əsaslanan sənədli kino əslində nə yeni dünya kəşf edir, nə də yaradır. Sadəcə olaraq, reallıqları təhlil obyektinə çevirərək tarixə yazır.

Klassik sənədli kino estetikasının ənənələri (diktor mətni, aktyor oyunu, animasiya üslubu, sinxron və s.) müasir kinomuzda da mövcuddur. Bununla yanaşı, istər çəkiliş, istər montaj, istərsə də səsləndirmədə yeniliyin tətbiq edilməsi sənədli kinonun mahiyyətini artırır.

“Azərbaycanfilm” kinostudiyasında, eləcə də “Azanfilm”, “Salnamə” və “Yaddaş” studiyalarında müxtəlif mövzulu sənədli filmlər istehsal olunur. Həyati və əhəmiyyətli sənədli filmlərin bir neçəsini xatırlayaq. “Vulkanın nəfəsi” (rej. A.Azay) sənədli filmində Azərbaycan ərazisində olan palçıq vulkanlarının sayı, əhəmiyyəti və bir sıra vacib xüsusiyyəti ilə tanış oluruq. Aparıcının (aktyorun) müşayiəti və kadrarxası mətnlə mövzunun mahiyyəti açılır. “Sirli bənövşə” (rej. Ş.Nəcəfzadə) sənədli filmində aktyor oyunu, sinxron çəkiliş növü və ya kadrarxası mətn vasitəsilə keçmişlə gələcəyi müqayisə edir, ibtidai dövr və müasir insanların söz sənətinə olan sevgisinin dəyərini görürük.

“Xəlvətdə qalmış müdrik” (rej. A.Azay) filmində tanınmış filosof və şair Seyid Yəhya Bakuvinin həyat və yaradıcılığı, mənəvi həyatın və əxlaqi dəyərlərin fəlsəfi məcmusu təhlil edilib. XIV əsrin sonlarından bəhs edən hadisələrin darıxdırıcı olmaması üçün rejissor maraqlı priyomlardan istifadə edərək kamera çəkilişlərinin müxtəlif planlı rakurslarından, aktyor ifasından, məlahətli və müdrik səs tembrindən (mətni oxuyan – R. Hüseynli) bəhrələnib.

“Üfüqü ötənlər” (rej. Ş.Nəcəfzadə) sənədli filmində rəssamlıq sənətində avanqard üslubda çalışan beş məşhur Azərbaycan rəssamının həyat tarixçəsini vərəqləyirik. O da məlum olur ki, müxtəlif yaşlarda olan bu rəssamların ömür yolu o qədər də hamar olmayıb. Öz dövrünün çətinlikləri ilə rastlaşan rəssamlar peşələrinə sadiqdirlər. Ən önəmlisi isə yüksək mənəvi keyfiyyətləri şəxsiyyətlərində cəmləyən, həyat fəlsəfəsini insanlara duyub düşündükləri kimi əsərlərində canlandıran bu rəssamların həyat amalı bir nümunədir. Filmdə sinxron, xatirə, müsahibə, aktyor oyunu, məkan fərqliliyi, fotolar və bir sıra sənədli filmə məxsus çəkiliş növündən istifadə olunub. Zamanın yaddaşına hopmuş xatirələrə həyat verən real faktlar müxtəlif dövrlərə səyahət etməyimizə, mühüm hadisələrlə bağlı informasiya almağımıza imkan yaradır.

“Azərbaycanfilm”də, eləcə də “Azanfilm”, “Salnamə”, “Yaddaş” studiyalarında istehsal olunan filmlərdən “Azərbaycan xalçası” (rej. Ş.Əliyev), “Tarın sədaları. Mansurovlar” (rej. A.Urşan), “Cümhuriyyət tələbələri”, “Parisdən məktublar” (rej. T.Əliyev), “Yüksəliş” (rej. V.Babayev), “Qalxan və qılınc” (rej. E.Məmmədov), “Gözümün işığı və ya qəribə heykəltəraş ömrü” (rej. Y.Rzayev) və digərləri forma və məzmunca müxtəlif, eyni zamanda sənədli kino estetikasını dolğun şəkildə əks etdirən baxımlı ekran əsərləridir.

Polşa kinematoqrafçıları belə hesab edirlər ki, (А.Яцкевиц. “Правда кино и “киноправда”), Polşa bədii kinosundan fərqli olaraq, müasir sənədli kino növü İkinci Dünya müharibəsi illərində yaranıb. Çünki həmin illərdə bədii kinoda əksini tapmayan fakt və məlumatları sənədli kino operativ şəkildə izləyib və tamaşaçılara çatdırıb. Müharibələr kinoya tükənməz mövzu verib. O cümlədən bütün ölkələrin bədii və sənədli kinosunda müharibə mövzusu digər kino janrlarını üstələyib.

Azərbaycan kinosunda istər II Dünya müharibəsi illərində ön cəbhədə döyüşən və arxa cəbhədə gecə-gündüz çalışan, düşmən üzərində qələbə naminə səfərbər olan zəhmətkeş insanların şücaətindən, istərsə də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizin, igid qazilərimizin həyat və döyüş yolundan bəhs edən onlarla sənədli film çəkilib. Yaxın keçmişimizin faciəli tarixini əks etdirən bu filmlərin bəzilərində isə yurdu yağmalanan, maddi və mənəvi dünyasına ziyan vurulan, həyatı parçalanan, torpaq nisgili yaşayan soydaşlarımızın (“Qarabağın həsrət salnaməsi”, “Qarabağın səsi” - A.Salayev, “Müharibə uşaqları” - Ş.Nəcəfzadə və s.) ürəksızladan xatirələrini və arzularını izləyirik. Həyatın inikası olan sənədli kino bizə müxtəlif zamanların bələdçiliyini edir, tarix haqqında gələcək nəsillərə məlumatlar verir. Bu mənada peşəkarlar tərəfindən ərsəyə gələn sənədli kinonun mahiyyəti və əhəmiyyəti böyükdür. Sənədli kino ustalarımızın yaradıcılıq ənənələri bu gün də yaşayır...

Şəhla ƏMİRLİ
kinoşünas