Almaniya paytaxtında fevralın 7-dən 17-dək davam edən 69-cu Berlin Film Festivalının (Berlinale) baş mükafatını İsrail rejissoru Nadav Lapidin “Sinonimlər” filmi qazanıb.

İsrail-Fransa (Almaniyanın iştirakı ilə) istehsalı olan ekran əsəri avtobioqrafik tragikomediyadır. “Sinonimlər” İsraildən Fransaya köçmüş yəhudi gəncin oradakı cəmiyyətə inteqrasiya olunması zamanı yaşadığı çətinliklərdən, milli eyniyyət  axtarışında və özünün keçmişi ilə bağlı qarşılaşdığı münasibətlərdən bəhs edir.

Festivalın ikinci mükafatı sayılan və “Gümüş ayı” adlandırılan “Jürinin böyük mükafatı”na fransız rejissoru Fransua Ozon layiq görülüb. Onun “Tanrının mərhəməti ilə” filmində uşaq yaşlarında katolik keşiş tərəfindən alçaldıcı hərəkətlərə məruz qalmış kişilərin yaratdığı təşkilatdan danışılır. Onlar kilsənin bu günahları etiraf etməsinə nail olmaq istəyirlər.

Berlinalenin iki nominasiyada “Gümüş ayı”sı alman filmlərinə qismət olub. Ən yaxşı rejissuraya görə Angela Şanelek (Angela Schanelec) “Mən evdə idim, amma...” filminə görə təltif olunub. Kino sənətində yeni perspektivlərin açılmasına görə Alfred Bauer mükafatını isə Nora Finqşaydt (Fingscheidt) “Sistemin dağıdıcısı” filmi ilə qazanıb.

Almaniyalı məşhur türk rejissor, Berlinalenin bir dəfə qalibi olmuş Fatih Akın (“Qızıl əlcək” filmi) isə bu dəfə mükafatsız qalıb.

SƏBİNƏ