AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Mirzə Ələkbər Sabir Fondunun “ART-Motiv” adlı yeni layihəsinin təqdimatı olub.

Fondun rəhbəri Sevda Tahirli layihə haqqında məlumat verib. Bildirilib ki, layihənin məqsədi yeni texnoloji imkanların və effektlərin qazandırdığı üstünlüklərdən yararlanaraq dünya ədəbiyyatının motivasiyaedici nümunələrini daha yaxından tanıtmaq, yaş həddi olmadan hər kəsin, xüsusilə, formalaşmaqda olan gənclərin mənəvi dünyasının daha da zənginləşməsinə töhfə verməkdir.

Filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov layihə barədə fikirlərini bölüşərək deyib ki, layihənin mahiyyətində insan olmaq məsələsi, ətrafdakıları dərk etmək, dərk etdiklərini anlamaq və onu qarşı tərəfə ötürmək dayanır.

Sonra layihə üzrə hazırlanan videoçarx nümayiş olunub. Videoçarxda Antuan de Sent Ekzüperinin “Dua”, Qabriel Qarsia Markesin “Vida məktubu”, Mahatma Qandinin “Dua”, Avraam Linkolnun oğlunun müəlliminə məktubundan epizod yer alıb.