Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “News.ru” internet portalına müsahibə verib.

Səfir deyib ki, Liditse çexlər, Oradur-sür-Qlan fransızlar, Xatın belaruslar üçün necə bir faciədirsə, Xocalı da azərbaycanlıların gözündə belə bir dəhşətli faciədir. Bu günədək dünyanın 16 ölkəsinin parlamenti və ABŞ-ın 20-dən çox ştatı tərəfindən Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul olunduğunu deyən səfir “Xocalıya ədalət!” kampaniyasının təşəbbüsçüsü - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən faciənin bütün dünyada tanıdılması istiqamətində böyük iş aparıldığını diqqətə çatdırıb.

“Müxtəlif ölkələrin gəncləri baş verənləri pisləmək və gələcəkdə bənzər hadisələrə yol verməmək məqsədilə bu hərəkata qoşulurlar. Bu faciəyə diqqəti çəkmək məqsədilə hər il Moskvada, həmçinin dünyanın hər yerində tədbirlər keçirilir”, - deyə P.Bülbüloğlu bildirib.

Səfir, həmçinin gələcəkdə digər ölkələr tərəfindən də o dövrün hadisələrinə daha obyektiv qiymət veriləcəyini istisna etməyib. “Təqsirkarlar cəzalandırılmayınca, biz hamımız xocalılı olmalıyıq”, - deyə diplomat bəyan edib.