Xocalı soyqırımına həsr olunan tamaşa təqdim olundu
Fevralın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında “Qara qar çiçəyi” adlı tamaşa təqdim edildi. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gələn tamaşa “Xocalıya ədalət!” kampaniyası çərçivəsində nümayiş olundu. Səhnə əsərinin ssenari müəllifləri Yefim Abramov və Leyla Bəyim Cəfərova, rejissoru Xalq artisti Vaqif Əsədovdur.
Əvvəlcə tədbirin aparıcısı, Əməkdar artist Elnur Kərimov səhnə əsəri haqqında məlumat verdi. Bildirdi ki, tamaşa Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması və faciənin 27-ci ildönümünün keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinə (gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin aşılanması) uyğun olaraq hazırlanıb.
Sonra tamaşa təqdim olundu. Əsərdə Xocalı soyqırımının dəhşətli məqamlarına diqqət çəkilir. Erməni quldurları Xocalıya hücum edir. 10 yaşlı Natəvan Hacıyevanın valideynləri güllələnir, özü isə verilən işgəncə nəticəsində görmə qabiliyyətini itirir və komaya düşür. Onu qardaşı Fikrət və qonşuları Pərviz xilas edirlər. Natəvan xəstəxanada 17 gündən sonra özünə gəlir. Oğlanları uşaq evinə aparırlar. Natəvanı isə görmə əngəlli uşaqlar üçün internata göndərirlər...
Bu dəhşətli hadisədən 25 il ötür. Natəvanın qardaşı Fikrət tanınmış jurnalistdir. Onun həyatının yeganə məqsədi o dəhşətli gecənin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və haqq-ədaləti bərpa edəcək müstəqil komissiyaların yaradılmasına, canilərin cəzalandırılmasına nail olmaqdır. Onun da, Azərbaycanın müstəqil təşkilatlarının da səsi səhrada bir səda kimi səslənir. Beynəlxalq təşkilatlar bu səsə və tələblərə biganə və laqeyddir. Lakin Fikrət təslim olmur. Onun cəlladları həbs etmək uğrunda yazdığı məqalələri Avropa məmurlarını qıcıqlandırır, hiddətlərinə səbəb olur.
Pərviz Tibb İnstitutunda təhsil alır və Natəvanla əlaqəni itirir. Natəvan isə artıq məşhur şairədir. Onun iztirablı şeirləri müxtəlif Avropa dillərinə tərcümə edilir, sevilərək oxunur. Lakin o, hələ də faciənin ağrı-acısı ilə yaşayır. Demək olar ki, gecələr yatmır. Həkimlər isə ona kömək etməkdə acizdirlər. Onun problemi haqqında Hollandiyada yaşayan məşhur psixoterapevt Patrik de Varda eşidir. O, Natəvanı Amsterdama psixoterapiya kursu keçməsi üçün dəvət edir. Həkim əmindir ki, Natəvanı bu xəstəlikdən sağalda biləcək. Seanslardan biri zamanı İnterpolun nümayəndələri Anna Mari Verner və Neyl Şeldon Patrik de Vardanın yanına gəlir. Onlar Natəvandan qardaşı Fikrət Hacıyevi tapmaları üçün kömək etməsini xahiş edirlər...
Məlum olur ki, həkim Natəvanın qardaşı Fikrətin uşaqlıq dostudur. Onun əsl adı isə Pərviz İsmayılovdur. Həkim Patrik de Vard heç vaxt kimliyini gizlətmədiyini bildirir və deyir ki, o, Avropada təkcə həkimlik təcrübəsini artırmaq üçün deyil, həm də dostuna ədalətə nail olmaq üçün kömək etmək məqsədilə yaşayır...
Səhnə əsəri maraqla qarşılandı.
FARİZ