Moskvada məşhur satirik, yazıçı, Rusiyanın və Ukraynanın Xalq artisti Mixail Jvanetskinin 85 illik yubileyi qeyd olunub.
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında keçirilən yubiley gecəsində Rusiyanın tanınmış siyasi və ictimai xadimləri iştirak ediblər.
Yubilyar gecədə öz satirik əsərlərini oxuyub. Əlbəttə, zarafatından da qalmayıb. O, 85 yaşını “qocalıqdan həzz almaq” dövrü kimi qiymətləndirib. Yazıçı deyib ki, başlıcası, bu yaşda qəlblə bədənin vəhdətini qorumaqdır, çünki onlar fərqli yaşdadırlar. “Qəlbim yaşca kiçikdir. Məndən yaşımı soruşanda deyirəm: “Əsas odur ki, qocalıq bitməsin”.
Qeyd edək ki, M.Jvanetski yubileyi ərəfəsində Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə III dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif olunub.